Azərbaycanla Pakistan arasında Preferensial Ticarət Sazişi gələn il hazır ola bilər
Azərbaycanla Pakistan arasında Preferensial Ticarət Sazişinin hazırlanması üzrə işlərin gələn il yekunlaşacağı gözlənilir.
Bunu Azərbaycan-Pakistan İqtisadi Əməkdaşlıq Palatasının İdarə Heyətinin sədri Azər Əkbərov deyib.
Onun sözlərinə görə, hazırda tərəflər 15 və daha çox məhsullar və xidmətlər üzrə vergi və gömrük imtiyazlarının tətbiqini nəzərdən keçirirlər.
“Bura əczaçılıq, tekstil, kənd təsərrüfatı kimi sahələr daxildir. Müzakirələr zamanı onların sayı azala və ya arta da bilər. Paralel olaraq Azərbaycandan Pakistana ixrac olunan neft və kimya sənayesi məhsullarına qarşı analoji imtiyazların tətbiq olunması da danışıqlar predmetidir. Azərbaycan ötən il Pakistana 28 adda mal nomenklaturasına daxil olan məhsul ixrac edib ki, bunun da 82%-i karbamidin, 14%-i isə aviasiya yanacağının payına düşüb. Ukrayna-Rusiya münaqişəsi və son olaraq Yaxın Şərqdəki gərginlik fonunda enerji daşıyıcılarının bahalaşması səbəbindən hazırda Pakistan neft və neft məhsullarının yüksək qiymətə alır. Vergi və gömrük imtiyazlarının tətbiqi Azərbaycandan idxalı əlverişli etməklə bizim həmin bazardakı payımızı artıra bilər”,- deyə o qeyd edib.
A.Əkbərov hesab edir ki, qeyd edilən imtiyazlar nəticəsində qarşıdakı 2-3 il ərzində iki ölkə arasında ticarət dövriyyəsinin 40 milyon ABŞ dollarını keçəcəyi gözlənilir: “COVID-19 pandemiyasından sonra iki ölkə arasında ticarət dövriyyəsində azalma baş verdi. Belə ki, 2020-ci ildə ticarət dövriyyəsi əvvəlki ilə nisbətən 10.1%, 2021-ci ildə – 11.7% azalma qeydə alındı. Ötən il isə ticarət dövriyyəsi bir il əvvəlki göstəriciyə nisbətən 2.4 dəfə artaraq 28.2 milyon ABŞ dollarına çatdı. Bu ilin yanvar-oktyabr aylarında ticarət dövriyyəsi 18.3 milyon ABŞ dolları həddində olub. Görünən odur ki, ötən ilə nisbətən 2023-cü ilin nəticələrinə görə azalma qeydə alına bilər. Lakin nəzərə almaq lazımdır ki, ötənilki ticarət dövriyyəsinin həcmi ən azı son 12 ilin rekord göstəricisi olub. Ona görə xüsusilə ticarət imtiyazların tətbiqi sayəsində iki ölkə arasındakı ticarət dövriyyəsində əhəmiyyətli artım dinamikasının bərpasını görəcəyik”.