Nəqliyyatı Əlaqələndirmə Şurasının 19 vəzifəsi olacaq
Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi Nəqliyyatı Əlaqələndirmə Şurası haqqında ƏSASNAMƏyə əsasən, qurumun 19 vəzifəsi olacaq.
ENA.az xəbər verir ki, bunlar aşağıdakılardır:
- müvafiq sahənin inkişaf istiqamətlərinin müəyyən edilməsi məqsədilə Şura üzvlərinin fəaliyyətini əlaqələndirmək;
-nəqliyyat infrastrukturu obyektlərinin tikintisi (inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası) və təkmilləşdirilməsi məqsədilə vəsait ayrılması barədə Azərbaycan Respublikasının Prezidentinə təkliflər təqdim etmək;
- müvafiq sahədə Şura üzvü olan dövlət orqanları (qurumları) vasitəsilə monitorinqlərin keçirilməsi barədə qərar qəbul etmək;
- yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi haqqında əsaslandırılmış qərar qəbul etmək;
- dəmir yolu xətlərinin (stansiyalarının) və avtomobil yollarının tikintisi, genişləndirilməsi və təkmilləşdirilməsi barədə təkliflər vermək;
- sərnişinlərin metro nəqliyyatı ilə daşınmasının keyfiyyətinin yüksəldilməsi məqsədilə metro nəqliyyatının inkişaf konsepsiyasının hazırlanmasını təşkil etmək və yeni metropoliten xətlərinin (stansiyalarının) tikintisi və təkmilləşdirilməsi barədə təkliflər vermək;
- ümumi istifadədə olan nəqliyyat vasitələrinin hərəkəti üçün xüsusi zolaqların müəyyən edilməsi və ləğv olunması barədə əsaslandırılmış qərar qəbul etmək;
- avtomobil yollarında sürət həddinin müəyyən olunması barədə əsaslandırılmış qərar qəbul etmək;
- avtomobil yollarında yol hərəkətinin təşkilinin texniki vasitələrinin tətbiqi (quraşdırılması və ya çəkilməsi (o cümlədən quraşdırılma və ya çəkilmə yerinin müəyyənləşdirilməsi) barədə əsaslandırılmış qərar qəbul etmək;
- nəqliyyat sektorunun ətraf mühitə mənfi təsirlərinin azaldılması istiqamətində fəaliyyət istiqamətlərinə uyğun olaraq tədbirlər görmək;
- fəaliyyət istiqamətlərinə uyğun olaraq, yol hərəkəti sahəsində görüləcək tədbirləri əlaqələndirmək;
- piyada infrastrukturunun inkişafı və əlçatanlığı, habelə velosiped və elektrikli nəqliyyat vasitələrindən istifadənin təşviqi istiqamətində zəruri tədbirlər (parklanma və hərəkət üstünlüyünün verilməsi, enerjidoldurma məntəqələrinin, habelə yeraltı və yerüstü dayanacaq məntəqələrinin sayının artırılması və sair) görülməsini təşkil etmək və görüləcək işləri əlaqələndirmək;
- ağır nəticəli yol-nəqliyyat hadisələrinin başvermə səbəbləri ilə bağlı Şura üzvü olan dövlət orqanlarından (qurumlarından) ümumi vəziyyəti əks etdirən məlumatlar almaq və yol-nəqliyyat hadisələrinin başvermə səbəblərinin aradan qaldırılması məqsədilə görüləcək zəruri tədbirləri əlaqələndirmək;
- dövlət orqanlarının (qurumlarının), təhsil və tibb müəssisələrinin, habelə digər hüquqi və fiziki şəxslərin iş rejiminin dəyişkən iş qrafikinə əsasən təşkilinə dair təklifləri Nazirlər Kabinetinə təqdim etmək;
- maliyyələşmə üçün təqdim edilən nəqliyyat infrastrukturu obyektlərinin layihələrinə müvafiq sahəyə təsiri baxımından rəy vermək;
- Şura üzvü olan dövlət orqanları (qurumları) tərəfindən nəqliyyat infrastrukturu obyektlərinin tikinti layihələrinə qanunla müəyyən edilmiş qaydada rəy verilməsi prosesinə nəzarət etmək;
- Ölkənin beynəlxalq müqavilələri ilə tənzimlənən və nəqliyyat sahəsinə aid məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsi istiqamətində zəruri tədbirlər görülməsini təmin etmək və görüləcək işləri əlaqələndirmək;
- müvafiq sahədə həyata keçirilən işlər, onların zəruriliyi, məqsədi və mümkün nəticələri barədə mediada məlumat vermək;
- Prezidentin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.