Sənaye

BTC-dən nəql olunan neftin ümumi həcmində Qazaxıstan və Türkmənistanın da payı var

Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə nəql olunan neftin ümumi həcmi 4,3 milyard barel təşkil edib. Bu barədə BP şirkətinin regional maliyyə direktoru Kolin Alan məlumat verib.

10-cu İllik Xəzər Texniki Konfransında çıxışında o bildirib ki, buraya Azərbaycan nefti ilə yanaşı Qazaxıstan və Türkmənistan yataqlarından hasil olunan neft də daxildir.

Hazırda “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil olunan neft və “Şahdəniz” yatağından çıxarılan kondensat, SOCAR-ın nefti, eləcə də Xəzər dənizi regionunun digər ölkələrinin nefti BTC boru kəməri ilə nəql olunur.

Xəbər veridiyi kimi, 2023-cü ilin yanvar-oktyabr aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə 25 milyon 172,5 min ton neft (artım 3%), həmçinin 4 miyon 270,3 min ton tranzit neft (artım 3,4%) nəql edilib.

BTC neft kəmərinin uzunluğu 1768 km-dir. Bunun 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan, 1076 km-i Türkiyə ərazisindədir. Boru kəmərinin ötürmə qabiliyyəti ildə 50 milyon tondan çoxdur.

Qeyd edək ki, layihənin iştirakçıları BP (30,1%); SOCAR (25%); MOL (8,9%); “Equinor” (8,71%); TPAO (6,53%); ENI (5%); “Itochu” (3,4%); “ExxonMobil” (2,5%); INPEX (2,5%), “TotalEnergies” (5%) və “ONGCVidesh” (2,36%) şirkətləridir

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)