Dövlət əmlakının icarəsindən büdcəyə nə qədər pul daxil olub?
2023-cü ilin yanvar-oktyabr ayları ərzində özəlləşdirmə və icarədən Azərbaycanın dövlət büdcəsinə daxilolmalar 131,2 milyon manat təşkil edib. Bu cari məzənnə ilə 77,2 milyon dollar təşkil edir.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına görə, bu ilin yanvar-oktyabr ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 104 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,4 dəfə çoxdur.
Bundan başqa, daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə 27,2 milyon manat vəsaitin ödənilməsi təmin olunub. İcarədən daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 dəfə artıb.
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 10 ay ərzində 49 özəlləşdirmə hərracı keçirilib. Hərraclarda 9 səhmdar cəmiyyətinin səhm paketi, 14 kiçik dövlət müəssisəsi, 3 yarımçıq tikili sahəsi, 443 nəqliyyat vasitəsi özəlləşdirilib.
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin yanvar-oktyabr ayları ərzində 2 868 yeni icarə müqaviləsi bağlanılıb. Bunlardan 693-ü qeyri-yaşayış, 2 175-i isə torpaq sahələrinə dair olub.