Bu il BTC ilə neft ixracı 19% artıb
2023-cü ilin yanvar-sentyabr aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə 171,676 milyon barel neft ixrac edilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 19,2% çoxdur. Bu barədə “BOTAS International Limited” şirkətindən (BIL – BTC-nin Türkiyə hissəsinin operatoru) məlumat verilib.
Sentyabrda BTC neft kəməri ilə 19,085 milyon barel neft (2022-ci ilin sentyabr ayı ilə müqayisədə +3,5%) nəql edilib.
2022-ci ildə BTC ilə 225,445 milyon barel neft (2021-ci illə müqayisədə +12,6%) ixrac edilib.
Hazırda “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil olunan neft və “Şahdəniz” yatağından çıxarılan kondensat, SOCAR-ın nefti, eləcə də digər mənbələrdən neft BTC boru kəməri ilə nəql olunur.
BTC neft kəmərinin uzunluğu 1768 km-dir. Bunun 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan, 1076 km-i Türkiyə ərazisindədir. Boru kəmərinin ötürmə qabiliyyəti ildə 50 milyon tondan çoxdur.
Layihənin iştirakçıları BP (30,1%); SOCAR (25%); MOL (8,9%); “Equinor” (8,71%); TPAO (6,53%); ENI (5%); “Itochu” (3,4%); “ExxonMobil” (2,5%); INPEX (2,5%), “TotalEnergies” (5%) və “ONGCVidesh” (2,36%) şirkətləridir.