ADY-nin mənfəəti 5 dəfə artıb - HESABAT
“Azərbaycan Dəmir Yolları” (AZD) QSC-nin 2022-ci il üzrə xalis mənfəəti 84,988 milyon manat təşkil edib ki, bu da 2021-ci illə müqayisədə 5,1 dəfə çoxdur.
ENA.az xəbər verir ki, şirkətin saytında dərc edilmiş 2022-ci il üzrə konsolidasiya edilmiş maliyyə hesabatlarına əsasən, hesabat ilində “Azərbaycan Dəmir Yolları” QSC-nin gəlirləri 601,408 milyon manat (artım 23%) təşkil edib. O cümlədən, yük daşınmasından gəlirlər 525,498 milyon manat (artım 32,1%), sərnişindaşımalardan 4,826 milyon manat (artım 2,6 dəfə), tikinti işlərindən 20,953 milyon manat (azalma 59,9%), sair gəlirlər – 50,131 milyon manat (artım 35,7%) olub.
“Azərbaycan Dəmir Yolları” QSC-nin əməliyyat xərcləri 79,682 milyon manat (artım 2,4 dəfə) təşkil edib.
Şirkətin maliyyə xərcləri 44,598 milyon manat (25% azalma) təşkil edib. “Azərbaycan Dəmir Yolları” QSC-nin 2022-ci ildə valyuta əməliyyatlarından xalis gəliri 71,909 milyon (azalma 34,5%) təşkil edib. Xalis gəlir 27,311 milyon manat (azalma 45,8%) təşkil edib.
Şirkətin 2022-ci ildə vergidən əvvəlki mənfəəti 106,993 milyon manat (6 dəfə artım), mənfəət vergisi ödənişləri 20,837 milyon manat (2,6 dəfə artım) təşkil edib.
Hesabat dövründə növbəti dövrün mənfəət və ya zərərinə yenidən təsnifləşdirilməli olan digər məcmu zərərlər (xarici valyuta ilə əməliyyatlar üzrə məzənnə fərqləri) 1,168 milyon manat təşkil etmişdir.
Nəticədə, şirkətin hesabat dövründə xalis mənfəəti 84,988 milyon manat təşkil edib.
Maliyyə hesabatına əsasən, “Azərbaycan Dəmir Yolları” QSC-nin 2023-cü il yanvarın 1-nə aktivləri 4 milyard 271,549 milyon manat (artım 16,9%) təşkil edir. 2022-ci ilin sonuna qısamüddətli aktivlər 329,519 milyon manata, uzunmüddətli aktivlər 3 milyard 942,03 milyon manata bərabərdir. Uzunmüddətli aktivlərin strukturunda əsas həcm əmlak, bina və avadanlıqların payına düşür - 3 milyard 758,58 milyon manat (artım 20,2%).
Qurumun kapitalı 2023-cü il yanvarın 1-nə 1 milyard 826,936 milyon manata (2 dəfə artım) bərabərdir. Eyni zamanda, “Azərbaycan Dəmir Yolları” QSC-nin 2023-cü ilin əvvəlinə nizamnamə kapitalı 906,062 milyon manat (dəyişiklik olmadan), dövlət investisiyaları 5 milyard 250,426 milyon manat (artım 18,6%), yığılmış zərər 4 milyard 435,349 milyon manat (azalma 1,9%) təşkil edib.
“Azərbaycan Dəmir Yolları” QSC-nin 2023-cü ilin əvvəlinə öhdəlikləri 2 milyard 444,613 milyon manat (azalma 10,5%), o cümlədən uzunmüddətli öhdəlikləri 1 milyard 457,611 milyon manat, qısamüddətli öhdəlikləri 987,002 milyon manat təşkil edib.