Regionun ən böyük günəş elektrik stansiyası olan “Qaradağ” GES yaxın günlərdə istifadəyə veriləcək
Yaxın günlərdə regionun ən böyük günəş elektrik stansiyası istismara veriləcək. 230 MVt gücündə “Qaradağ” GES ölkəmizdə 225 milyon dollar məbləğində xarici investisiya hesabına inşa edilmiş ilk stansiyadır.
Bu barədə energetika naziri Pərviz Şahbazovun “Energetiklər Günü” münasibətilə rəsmi mətbuatda dərc olunan məqaləsində bildirilib.
Məqalədə qeyd olunur ki, bu stansiya sayəsində enerji balansımıza ildə 500 mln. kVt·saat yaşıl enerji daxil olacaq.
“Həmçinin “Masdar” ilə quruda 1 QVt gücündə günəş və 1 QVt gücündə külək, dənizdə isə ilkin olaraq 2 QVt, növbəti mərhələdə 4 QVt gücündə külək enerjisi və hidrogen layihələrinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı İcra müqavilələrinə uyğun olaraq torpaq sahələri və dənizdə potensial ərazilər müəyyənləşdirilir”, – nazir qeyd edib.
Pərviz Şahbazovun sözlərinə görə, bu çərçivədə Neftçalada 390 MVt-lıq günəş, Biləsuvarda 445 MVt günəş və Qobustanda 200-300 MVt gücündə külək elektrik stansiyalarının inşası nəzərdə tutulur. 240 MVt gücündə “Xızı-Abşeron” KES-in isə 2025-ci ildə istismara verilməsi qrafikinə uyğun işlər davam etdirilməkdədir. “ACWA Power” şirkəti ilə dənizdə və quruda ümumi gücü 2.5 QVt-dək külək layihəsinin həyata keçirilməsinə dair İcra müqavilələri çərçivəsində ötən ay Batareya Enerji Saxlama Sistemi və quruda 200 MVt külək layihələri üzrə Yol Xəritəsi imzalandı. Cəbrayılda BP tərəfindən gələn il 240 MVt gücündə günəş elektrik stansiyasının təməli qoyulacaq.
“Həmçinin Cəbrayılda “Nobel Energy”, Füzulidə isə Çin şirkəti ilə günəş elektrik stansiyalarının tikintisi üçün hazırda ərazilər razılaşdırılır. Naxçıvanda “Nobel Energy”, “TotalEnergies” və “A-Z Czech Engineering” şirkətləri tərəfindən ümumi gücü 1.150 MVt olan günəş elektrik stansiyalarının inşası məqsədilə ərazilərin seçilməsi və razılaşdırılması prosesi davam edir. Bundan başqa, Böyükşor gölündə 100 kVt gücündə pilot layihə üzrə ölkəmizdə ilk üzən günəş stansiyası quraşdırılıb, tezliklə şəbəkəyə qoşulacaq. Ümumən, mərhələli şəkildə 2030-cu ilədək 7 QVt həcmində istehsal güclərinin yaradılması planlaşdırılır. İxrac tələblərindən asılı olaraq 2037-ci ilə qədər bu həcmlər əhəmiyyətli dərəcədə arta bilər”, – nazir əlavə edib.