Hadisə

Gürcüstan Prezidentinə cinayət işi açıla bilər

Gürcüstan Prezidenti Salome Zurabişvili Konstitusiyanı pozub və onun sonrakı hərəkətlərində cinayət əlamətləri aşkarlanarsa, istintaq başlayacaq.

Bunu Gürcüstanın ədliyyə naziri Rati Breqadze jurnalistin prezidentə qarşı cinayət işinin başlanmasının mümkünlüyü ilə bağlı sualını cavablandırarkən bildirib.

“Ümumiyyətlə, cinayət törədilibsə, təbii ki, istintaq başlaya bilər. Konstitusiya Məhkəməsi prezidentin Gürcüstan Konstitusiyasını pozması ilə bağlı qərar qəbul edib. Dövlət başçısının Konstitusiyanı pozmasının müəyyən edilməsi faktı şəxsən ədliyyə naziri kimi mənim üçün çox kədərlidir”, - Rati Breqadze vurğulayıb.

Onun sözlərinə görə, cinayət işinin başlanması ilə bağlı digər təfərrüatları prokurorluq dəqiqləşdirməlidir.

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bir müddət əvvəl bəyan etmişdi ki, Salome Zurabişvili hökumətin razılığı olmadan xarici səfərləri davam etdirərək konstitusiyanı pozarsa, özünü qanundan kənarda qoyacaq.

“Xalqın Gücü” ictimai hərəkatının liderlərindən biri, deputat Quram Maçaraşvilinin sözlərinə görə, prezident Konstitusiya Məhkəməsinin qərarına tabe olmasa, o, cinayət məsuliyyətinə cəlb olunacaq.

Qeyd edək ki, oktyabrın 18-də Salome Zurabişvilinin Gürcüstan prezidenti vəzifəsindən kənarlaşdırılması məsələsini cəmi 86 deputat (100 deputatın səsi həlledicidir - red) dəstəkləyib. Bununla da impiçment baş tutmayıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)