Azərbaycan bank sektorunun likvid aktivləri azaldı
Azərbaycanda kredit portfelinin ÜDM-ə nisbəti 17.7% təşkil edir. ENA.az xəbər verir ki, kredit portfelinin qeyri-neft ÜDM-ə nisbəti isə 29.5%-dir. Bu, onu göstərir ki, Azərbaycan bank sektorunun maliyyə dərinliyi göstəriciləri bençmark ölkələrlə müqayisədə aşağıdır. Bu, həm də onu göstərir ki, potensial var.
İqtisadiyyatın maliyyələşməsində bank sisteminin aparıcı rolu qalmaqdadır. Bank sektorunun maliyyə dərinliyini xarakterizə edən əsas göstəricilərdən olan bank aktivlərinin ÜDM-ə nisbəti göstəricisi 37.5% təşkil edir.
Balans bir qədər daralsa da...
2023-cü ilin ilk rübündə iri şirkətlərin tələbli depozitlərinin azalması nəticəsində bank sisteminin balansı bir qədər daralsa da, II rübdə sektorun balansı I rübə nisbətən artıb. İlin ilk yarısında bank sektorunun aktivləri 3.9% (1.8 mlrd. manat) azalaraq 45.2 mlrd. olub. İlin ilk rübündə bankların cəmi aktivləri 4.7 % (2.2 mlrd. manat) azalıb, ikinci rübdə isə 0.8% (0.4 mlrd. manat) artıb. Balansın daralması əsasən neft-qaz sektorunda fəaliyyət göstərən iri şirkətlərin tələbli depozitərində azalma ilə bağlı olub. Belə ki, yarımil ərzində hüquqi şəxslərin tələbli depozitləri 18.3% (3.6 mlrd. manat) azalaraq 16.1 mlrd. manat təşkil edib.
Likvid aktivləri azalıb
Eyni zamanda, bank sektorunun likvid aktivləri 19% (-3.3 mlrd. manat) azalaraq 14 mlrd. manata düşüb. Bank sektorunun öhdəliklərində isə 5.1% (-2.1 mlrd. manat) azalma müşahidə edilmişdir. 30.06.2023-cü il tarixinə bankların cəmi öhdəlikləri 39.3 mlrd. manat olmuşdur. Bununla belə, sektorun maliyyə vasitəçiliyi funksiyasının genişlənməsi müşahidə olunur. Belə ki, ilin ilk altı ayı ərzində kredit portfeli 8.7% (1.7 mlrd. manat) artaraq 21.3 mlrd. manata çatıb.