Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycan şirkətlərinə yenə də manatla kredit ayıra bilər
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycan şirkətlərinə manatla kredit ayrılmasının davam etdirilməsi imkanlarına baxmağa hazırdır.
Bunu bankın Azərbaycandakı nümayəndəliyinin rəhbəri İvana Duarte deyib.
O bildirib ki, yerli kapital bazarlarının inkişafı və yerli valyutada kreditləşdirmə AYİB-in Azərbaycanda əsas prioritetlərindən biridir: "Əsasən milli valyutada gəlir qazanan şirkətlər valyuta riskləri ilə üzləşməməlidirlər".
Xanım İ.Duarte Azərbaycanda manat istiqrazlarının buraxılması prosesindən də danışıb:
"Bu proses zəruri hüquq bazanın olmasından, həmçinin münasib bazar şərtlərindən asılıdır. Bütün zəruri elementlər təmin olunan kimi müvafiq informasiyanı təqdim edəcək və manat istiqrazlarının buraxılışını elan edəcəyik".
Nümayəndəliyin rəhbəri AYİB-in bu məsələlərin həlli və həmin prosesin icrası ilə bağlı müvafiq qurumlarla işlədiyini təsdiq edib.
Xatırladaq ki, Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda 2017-ci ilin sonunda ilk dəfə olaraq yerli valyuta ilə korporativ kredit verib. Kredit plastik və metal boruların iri istehsalçısı olan METAK şirkətinə ayrılıb. Kreditin dəyəri manat ekvivalentində 8 milyon avro təşkil edib.
Azərbaycan 1992-ci ildən AYİB ilə əməkdaşlıq edir.