Rəsmi

Bu şəxslər üçün viza prosedurları sadələşdirilir – SƏRƏNCAM

74-cü Beynəlxalq Astronavtika Konqresinin 2023-cü ildə Bakı şəhərində keçirilməsi ilə bağlı Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurları sadələşdirilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla müəyyən edilib ki, 74-cü Beynəlxalq Astronavtika Konqresi ilə əlaqədar Azərbaycan Respublikasına gələn və bu Sərəncamın 2-ci hissəsində qeyd edilən sənədlərdən hər hansı birini təqdim edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2023-cü il sentyabrın 20-dən oktyabrın 7-dək Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza ala bilərlər.

Aşağıdakı sənədlərdən biri viza verilməsi üçün əsas hesab ediləcək:

74-cü Beynəlxalq Astronavtika Konqresinin beynəlxalq təşkilatçısı olan Beynəlxalq Astronavtika Federasiyasının müvafiq qaydalarına uyğun olaraq elektron qeydiyyat sistemi vasitəsilə qeydiyyatdan keçməni təsdiq edən sənəd;

74-cü Beynəlxalq Astronavtika Konqresi ilə əlaqədar Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxsin rəsmi dəvət məktubu.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi 74-cü Beynəlxalq Astronavtika Konqresi ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə Beynəlxalq Astronavtika Federasiyasına və xarici ölkələrin müvafiq orqanlarına məlumat verməli, 74-cü Beynəlxalq Astronavtika Konqresi ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin “ASAN Viza” sistemi vasitəsilə elektron viza almaq imkanı barədə məlumatın Nazirliyin, eləcə də Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etməlidir.

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikasına uçuşlar həyata keçirən aviasiya şirkətlərinə 74-cü Beynəlxalq Astronavtika Konqresi ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumat verməlidir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)