“Expressbank"da Əkrəm Həsənovla görüş keçirilib
“Expressbank” ASC-də bank sahəsi üzrə ekspert Əkrəm Həsənovla görüş keçirilib.
"BI" xəbər verir ki, görüş Bankın təşəbbüsü ilə baş tutub.
“Expressbank”ın rəhbərliyi ekspertə Bankın ötən ili zərərlə başa vurmasının səbəblərini izah edib və bunu böyük məbləğdə kredit götürmüş 2 müştərinin vaxtında ödəniş etməməsi ilə əlaqələndirib.
Qeyd edək ki, Ə.Həsənov bu günlərdə ölkə mətbuatına “Expressbank”ın zərərlə işləməsi ilə bağlı açıqlama verib. Ekspert açıqlamasında Bankın “Azərenerji” ASC-nin keçmiş prezidenti Etibar Pirverdiyevə məxsus olduğunu bəyan edib. Onun fikrincə, “Expressbank”ın mənfəətdən zərərə keçməsi məhz E.Pirverdiyevin vəzifəsindən kənarlaşdırılması ilə bağlıdır.
“Report” isə xatırladır ki, “Expressbank”ın səhmdarları arasında E.Pirverdiyev, eləcə də Pirverdiyev soyadlı heç kim yoxdur. Bankın səhmlərinin 40%-i “Azenco Group”a, 25%-i Hikmət Xammədova, 17,69%-i “Enerqoservis” MMC-yə, 17%-i Hafiz Seyidova, 0,31%-i Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə məxsusdur.