Fitch ABŞ-ın uzunmüddətli kredit reytinqini aşağı saldı. Yellen buna etiraz etdi
Beynəlxalq kredit reytinq agentliyi Fitch Ratings ABŞ-ın uzunmüddətli kredit reytinqini "AAA"dan "AA+"-a endirib və proqnozu mənfidən sabitə dəyişib. ABŞ-ın maliyyə naziri Canet Yellen Fitch-in qərarı ilə qəti şəkildə razılaşmadığını bildirib.
ENA.az xəbər verir ki, Fitch-in bəyanatında qeyd olunub ki, ABŞ-ın reytinqinin aşağı salınması yaxın 3 ildə gözlənilən maliyyə vəziyyətinin pisləşməsini, yüksək və artan ümumi dövlət borc yükünü və oxşar reytinqdəki ölkələrlə müqayisədə idarəetmənin aşınmasını əks etdirir.
Açıqlamada, kredit reytinq agentliyinin ABŞ-ın uzunmüddətli kredit reytinqini "AAA"-dan "AA+"-a endirib, proqnozu mənfidən sabitə dəyişdirdiyi bildirilib.
Yellen qərarla razılaşmayıb
Mövzu ilə bağlı verdiyi yazılı açıqlamada ABŞ-ın maliyyə naziri Canet Yellen Fitch-in qərarı ilə qətiyyən razılaşmadığını bildirib.
Sözügedən qərarın "ixtiyari və köhnəlmiş məlumatlara əsaslandığını" iddia edən Yellen, ABŞ-ın Fitch-in qərarını əsas götürdüyü bir çox göstəricilərdə əldə etdiyi irəliləyişlərə baxmayaraq, agentliyin indi reytinq dəyişikliyini açıqladığını bildirdi.
“Fitch-in qərarı amerikalıların, sərmayəçilərin və bütün dünyada insanların artıq bildiklərini dəyişmir”, - Yellen bildirib.
ABŞ iqtisadiyyatının son bir neçə ildə sürətli bir iqtisadi canlanma yaşadığına diqqət çəkən Yellen, işsizlik səviyyəsinin tarixən aşağı səviyyələrə yaxın olduğunu, inflyasiyanın keçən yaydan bəri əhəmiyyətli dərəcədə azaldığını və ABŞ iqtisadiyyatının böyüməyə davam etdiyini xatırladıb.