Bank

FED faiz dərəcələrini son 22 ilin ən yüksək səviyyəsinə qaldırıb

Keçən ay faiz artımını dayandıran ABŞ Federal Ehtiyat Sistemi (FED) iyul iclasında gözləntilərə uyğun olaraq siyasət faizini 25 bənd artırıb. Beləliklə, faiz dərəcələri 2022-ci ildən bəri 11-ci dəfə artırılaraq son 22 ilin ən yüksək səviyyəsinə çatıb.

ENA.az xəbər verir ki, FED-in qərarları Azərbaycan iqtisadiyyatına birbaşa təsir etməsə də dolayısı yolla manata və inflyasiyaya artırıcı təsir edə bilər. Yəni uçot dərəcəsinin artması dolların bahalaşması deməkdir ki, bu da idxal və məzənnə inflyasiyası yolu ilə ölkəmizin makroiqtisadi göstəricilərində bəzi dəyişikliklərə səbəb ola bilər. 

Qərarın mətnində daha çox faiz artımı üçün qapının açıq qaldığı, inflyasiyanın azaldılması üçün əlavə sərtləşdirmənin ölçüsünün qiymətləndiriləcəyi bildirilib.
Fed inflyasiya ilə mübarizə çərçivəsində siyasət faizini 25 bənd artıraraq 5,25-5,50 faiz aralığına çatdırıb. Beləliklə, faiz dərəcələri 2001-ci ilin yanvarından bəri ən yüksək həddə qalxıb. Qərar yekdilliklə qəbul edilib.

Qərarın mətnində inflyasiyanın azaldılması məqsədilə əlavə sərtləşdirmə tədbirinin qiymətləndiriləcəyi bildirilib. "Gələcək siyasət addımları sərtləşmənin təsirindən, iqtisadi və maliyyə inkişaflarından asılı olacaq", - bəyanatda deyilir.

İnflyasiyanın yüksək qalmaqda davam etdiyi bildirilib və “Son göstəricilər iqtisadi aktivliyin mülayim genişlənməsinə işarə edir” kimi qiymətləndirmə aparılıb.

Bir daha vurğulanıb ki, ABŞ bank sistemi möhkəm və dayanıqlıdır, kreditlərin sərtləşdirilməsi isə iqtisadi fəallığı yatıra bilər. Mühasibat balansının daralma sürətinin elan edildiyi kimi saxlanılacağı bildirilib.

Rəsmilər inflyasiyanı 2 faizlik hədəfə qaytarmaq əzmində olduqlarını bir daha bəyan ediblər.

Pauelldən açıqlamalar
Faiz qərarından sonra mətbuat konfransında danışan FED sədri Jerome Powell, önümüzdəki dövrdə lazım gələrsə, daha da sərtləşdirə biləcəkləri mesajını verdi. İnflyasiyanın hələ də hədəfin üzərində olduğunu ifadə edən Pauell, "İnflyasiya daha mülayimləşdi, lakin 2 faizlik hədəfə çatmaq üçün hələ çox yolumuz var" dedi.

Pauell inflyasiyanın azaldılmasında qərarlı olduqlarını və gələcək faiz artımlarının məlumatlardan asılı olacağını bildirib.

Son inflyasiya məlumatlarının gözləniləndən daha yaxşı olduğunu, ancaq tək bir məlumatla hərəkət etmədiklərini ifadə edən prezident, "Sentyabr ayında gələcək məlumatlara görə faiz artıra və ya fauza verə bilərik" dedi.

Bu il faiz endirimi gözləmədiyini ifadə edən Pauell, bəzi FED üzvlərinin gələn il faiz endirimi olacağını proqnozlaşdırdıqlarını söylədi. Pauell əlavə edib ki, onlar artıq tənəzzül gözləmirlər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)