Bağlanan banklara müsbət audit rəyi verən şirkətlərə qarşı hansı tədbirlər görüləcək? - RƏSMİ AÇIQLAMA
Azərbaycan Mərkəzi Bankının hansısa bankı bağlaması etiraf edək ki, iqtisadiyyatdan yazan biz jurnalistləri belə təəccübləndirir və bunun cəmiyyət tərəfindən birmənalı qarşılanmaması heç də qeyri-adi deyil. Çünki təxminən 1-2 ay əvvəl həmin bankla bağlı kənar auditin rəyi ilə tanış olanda hər şeyin qaydasında olduğunu görürsən. Azərbaycan Mərkəzi Bankının lisenziyası ləğv olunan bankla əlaqədar kapitalın həcmi, adekvatlılıq göstəricilərinə dair açıqladığı rəqəmləri görəndə, ortaya sual çıxır: Kim düz deyir?
Təbii ki, nəticədə bankın məhkəməyə müraciət etməməsi və s hərəkətsizliyi tənzimləyicinin haqlı olduğunu ortaya qoyur. Belə çıxır ki, əsas xarici şirkətlər olan kənar auditlər bizi aldadır. Bəs niyə bu şirkətlər haqqında tədbir görülmür? ENA.az-ın bununla bağlı Azərbaycan Mərkəzi Bankının sədrinin fikirlərini öyrəndi.
Sual: Taleh m, bağlanan banklara müsbət audit rəyi verən şirkətlərlə bağlı niyə tədbirlər görülmür? Məsələn, "Banklar haqqında qanun"la iflas edən bankın CEO-su 5 il müddətinə digər bankda CEO işləyə bilməz. Analoji tədbirlər həmin audit şirkətlər barəsində görülə bilməzmi? Bununla bağlı Azərbaycan Mərkəzi Bankı hansısa tədbirlər görməyi düşünürmü?
Cavab: Çox maraqlı və ürəkaçıcı sualdır. 2 ay bundan əvvəl biz bunu daxildə də müzakirə etməyə başlamışıq. Mərkəzi Bank auditorlarla bağlı hansı səlahiyyətləri var, hansı tədbirləri görə bilərik. Həmçinin beynəlxalq təcrübədə tənzimləyicinin hansı səlahiyyətləri var. Bu istiqamətdə beynəlxalq təcrübə öyrənilir, hüquqi nöqteyi-nəzərdə beynəlxalq alətləri öyrənirik.
Soruşsanız ki, cari hansı işləri görüləcəksiniz, deyə bilərəm ki, sentyabr ayında mən auditor şirkətlərinin rəhbərləri ilə görüşəcəyəm. Öz mövqeyimizi çatdıracağam. Siz çox düzgün istiqamətə toxundunuz və bu bizim nəzarətimizdədir. Sadəcə, hansısa illər üzrə praktika yaranıb və reaksiya verməmişik. İndi isə dediyiniz məsələ çox vacibdir. Bu yalnız tənzimləyici üçün deyil, istehlakçılar və bank səhmdarları üçün də vacib amildir. Sözsüz ki, audit şirkətləri ilə bizim çox ətraflı müzakirələrimiz olacaq".