Bank

Azərbaycan banklarının mənfəəti 41% artıb - STATİSTİKA

1 iyul 2023-cü il tarixinə Azərbaycanın bank sisteminin ümumi aktivləri 45 milyard 218,3 milyon manatdır. ENA.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, yanvar-iyun aylarında bankların aktivləri 3,9% azalıb. Azalmanın mənbəyi isə Azərbaycan Beynəlxalq Bankından formalaşır.

2023-cü ilin may ayı ilə müqayisədə iyun ayında bankların aktivləri 1,5% və ya 703,5 milyon manat azalıb.

6 ay ərzində bankların Mərkəzi Bankdakı müxbir hesablarında olan vəsaitlərin həcmi 1,6 dəfə - 3 milyard 974,3 milyon manata qədər azalıb.

İyunun sonuna bankların kredit portfeli 21 milyard 296,2 milyon manat təşkil edir. Bu, 2022-ci ilin sonuna olan göstərici ilə müqayisədə 8,7% çoxdur. 

Bankların kapitallaşması 5,2% artaraq 5 milyard 912,7 milyon manat təşkil edir.

Bankların öhdəlikləri 5,1% azalaraq 39 milyard 305,6 milyon manata bərabərdir. Bankların Mərkəzi Bank qarşısında öhdəlikləri 107,7 milyon manatdır və bu, 2 dəfə azalma deməkdir. Banklarda depozit portfeli 5,1% azalaraq 32 milyard 056,7 milyon manata düşüb və bu tendensiya hüquqi şəxslərin depozitlərində özünü göstərir. Əhalinin əmanətləri əksinə, 8,6% böyümə ilə 12 milyard 472,5 milyon manat təşkil edir.

Tənzimləyicinin məlumatına görə, 2023-cü ilin yanvar-iyun aylarında bankların ümumi xalis mənfəəti 563,3 milyon manat təşkil edib. Bu, 2022-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 40,5% çoxdur.

Hesabat dövründə bankların faiz gəlirləri 32,6% artımla 1 milyard 668,7 milyon manatdır. Kreditlər üzrə faiz gəlirləri 1 milyard 234,7 milyon manat (artım 19,1%) təşkil edib.

Bankların qeyri-faiz gəlirləri 598,5 milyon manat məbləğində (artım 12,1%) olub.

Bu dövrdə bankların faiz xərcləri 405,5 milyon manat (artım 36,3%), o cümlədən depozitlər üzrə 288,5 milyon manat (artım 40,1%), qeyri-faiz xərcləri 1 milyard 60,6 milyon manat (artım 23,6%) təşkil edib.

Yanvar-iyun aylarının yekunları üzrə bank sektorunun əməliyyat mənfəəti 772,3 milyon manat (artım 25,7%) təşkil edib.

Hesabat dövründə bankların vergi ödənilənədək ümumi mənfəəti 694,6 milyon manat (artım 42%), mənfəət vergisi üzrə ödənişlər 131,3 milyon manat (artım 48,7%) məbləğində qiymətləndirilir.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)