Aqrar

Avropadan "böyük ərzaq böhranı" - XƏBƏRDARLIĞI

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell bəyan edib ki, Rusiya Qara Dəniz Taxıl Təşəbbüsü sazişindən çıxdıqdan sonra Ukrayna limanlarını bombalayıb və külli miqdarda taxıl yandırıb və son hadisələr "böyük ərzaq böhranı”na gətirib çıxaracaq. 

Avropa İttifaqı xarici işlər nazirlərinin Brüssel görüşündən əvvəl jurnalistlərə açıqlama verən Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell Ukraynadakı vəziyyətin əsas gündəm maddələri arasında olduğunu bildirib.

Rusiya ordusunun son bir neçə gündə Ukraynanın Odessa limanında infrastrukturu bombaladığını, 60 min ton taxılın yandığını ifadə edən Borrell, "Rusiya təkcə taxıl müqaviləsindən çəkilməyib, taxılı yandırırlar", deyib. 

Rusiyanın etdiklərini "barbar" olaraq xarakterizə edən Borrell, "Bu, dünyada böyük bir qida böhranına səbəb olacaq", söyləyib.

Müqavilənin müddəti iyulun 17-də başa çatıb
2022-ci il iyulun 22-də İstanbulda keçirilən mərasimdə imzalanan sazişdən sonra, 1 avqust 2022-ci il tarixində ilk gəminin yola düşməsindən bu yana 1000-dən çox gəmi ilə taxıl dəhlizi vasitəsilə 33 milyon tona yaxın taxıl daşınıb.

Dəhlizdən keçən taxılın 40%-i Avropaya, 30%-i Asiyaya, 13%-i Türkiyəyə, 12%-i Afrikaya, 5%-i Yaxın Şərqə daşınıb.

Müqavilə iyulun 17-də başa çatıb, Rusiya müqavilənin tələblərinə əməl edilmədiyini bildirərək müddəti uzatmayıb.

Müqavilənin ləğvi ilə Avropa Birliyi ölkələrindən və ABŞ-dan sərt reaksiyalar və müqavilənin uzadılması çağırışları gəldi.
 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)