"Azərsu”nun yığılmış zərəri 8 milyardı ötüb
Azərbaycanda içməli su təchizatını həyata keçirən dövlət şirkəti “Azərsu” Açıq Səhmdar Cəmiyyəti 2022-ci ili də zərər edib və yığılmış zərər 8 mlrd. manatı keçib.
Bu barədə dövlət şirkətinin birləşdirilmiş illik audit hesabatına istinad edilir. Audit hesabatını “SR Audit & Services” audit şirkəti aparıb.
“Azərsu” ASC 2022-ci ildə su və kanalizasiya xidmətindən ümumilikdə gəlirləri illik 6% artırmaqla 278.89 mln. manat, xidmətin maya dəyəri isə 4% üzərində artaraq 134.22 mln. manat təşkil edib. Nəticədə şirkətin ümumi mənfəəti 144.67 mln. manat təşkil edib. 2021-ci ildə ümumi mənfəət 134.22 mln. manat idi.
Dövlət şirkəti satış və paylamaya görə 159.37 mln. manat, inzibati və ümumi xərcləri 43.17 mln. manat və digər xərclərə 132.39 mln. manat xərc çəkib.
Beləliklə, bütün gəlir və xərclər fərqindən sonra “Azərsu”nun xalis 180.51 mln. manata yüksəlib. 2021-ci il üzrə xalis zərər 552.23 mln. manat olub.
1 yanvar 2023-cü il tarixinə dövlət şirkətinin yığılmış zərəri 8 mlrd. 36.2 mln. manat təşkil edib.