"Raiffeisen Bank International" Rusiyadan çıxışını təxirə salır. Amerika banka qarşı təhqiqat açıb
Avstriyanın Raiffeisen Bank International (RBI) bank qrupu Ukraynadakı müharibənin tezliklə bitəcəyinə ümid edərək Rusiyadan öz çıxışını təxirə salır. ENA.az xəbər verir ki, bu barədə Reuters öz mənbələrinə istinadən yazıb.
Agentliyin məlumatına görə, RBI-nin Rusiyanı tərk etməmək istəyini Avstriya hakimiyyəti də dəstəkləyir və bununla bağlı Avropa və ABŞ-da bank qrupunun müdafiəsində xüsusi fəallıq göstərir.
Üstəlik, bir neçə Avstriya rəsmisi Reuters agentliyinə bildirib ki, Vyana Ukraynanı dəstəkləsə də, Avstriya hakimiyyəti hələ də Rusiya ilə əlaqələri tamamilə kəsmək istəmir. Onlar hesab edirlər ki, Rusiya ilə münasibətləri müharibə başa çatdıqdan sonra bərpa etmək olar.
Daha əvvəl məlum olmuşdu ki, RBI Rusiyadakı biznesini - Raiffeisenbank-ı 2023-cü ilin payızına qədər qrupdan çıxarmağı planlaşdırır. Bununla belə, Reuters mənbələri deyir ki, qrup hələ öz planlarını Avropa mərkəzi bankına təqdim etməyib və RBI-nın yaxın aylarda Rusiyadan çıxması ehtimalı azdır.
Rusiyanın Ukraynanı genişmiqyaslı işğalı və sanksiyaların başlanmasından bəri Raiffeisenbank Rusiyada əsas Qərb banklarından birinə çevrilib və ölkəyə edilən bütün avro köçürmələrinin təxminən dörddə birini həyata keçirir. Bank Rusiyada SWIFT sistemi vasitəsilə pul köçürmələri həyata keçirən azsaylı kredit təşkilatlarından biri olaraq qalır.
2023-cü ilin martında Reuters xəbər verdi ki, Avropa Mərkəzi Bankı "Raiffeisen Bank International"ın Rusiya bazarından çıxmasına çalışır. Bundan əvvəl isə ABŞ Maliyyə Nazirliyinin sanksiyaların icrasına cavabdeh olan departamenti rus biznesinə görə Avstriya bank qrupuna qarşı təhqiqata başlayıb.