Azərbaycan Mərkəzi Bankının kapital ehtiyatında yaranan kəsir necə aradan qaldırılacaq?
Azərbaycan Mərkəzi Bankının məcmu kapitalı 16,1% azalıb. ENA.az xəbər verir ki, AMB-nin və onun tabeliyindəki Milli Depozit Mərkəzinin konsolidasiya edilmiş hesabatına görə, 2023-cü ilin əvvəlinə məcmu kapitalı 980 milyon 791 min AZN təşkil edir. 2022-ci ilin əvvəlinə isə bu rəqəm 1 milyard 170 milyon 188 min AZN idi.
31 dekabr 2022-ci il tarixində tamamlanan il ərzində AMB-nin 63 milyon 955 min AZN məbləğində zərəri yaranıb.
31 dekabr 2022-ci il tarixinə Azərbaycan Mərkəzi Bankının nizamnamə fondu 500 milyon AZN olub. Kapital ehtiyatları isə 46 milyon 177 min manat azalaraq 480 milyon 791 min manata düşüb. Bankın bölüşdürülməmiş mənfəətində isə 18 milyon 490 min manat azalma baş verib və bu ilin əvvəlinə 164 milyon 773 min manat olub. Qiymətli kağızların yenidən qiymətləndirilməsi üzrə ehtiyatlarda isə zərər məbləği 40 milyon manatdan 171 milyon 334 min manata yüksəlib.
Qeyd edək ki, Bankın kapital ehtiyatları onun nizamnamə fondundan az olmamalıdır. Mərkəzi Bankın fəaliyyəti nəticəsində yaranmış kapital çatışmazlığı dövlətin buraxdığı qiymətli kağızlar hesabına ödənilir.
Kapital isə bütün öhdəlikləri çıxıldıqdan sonra aktivlərinin qalan hissəsidir. Kapitalın idarə olunmasında məqsəd Qrupun iqtisadi müstəqilliyinin və fəaliyyət qabiliyyətinin təmin edilməsi üçün kapitalın müvafiq səviyyədə saxlanılmasından ibarətdir. “Azərbaycan Respublikasının Mərkəzi Bankı” haqqında Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan nizamnamə fondu və minimal kapital ehtiyatları istisna olmaqla, Mərkəzi Banka qarşı kənar qurumların tələbləri mövcud deyil.