AMB-nin Azərbaycan Beynəlxalq Bankına görə nə qədər borc kağızları var?
Azərbaycan Mərkəzi Bankının konsolidasiya olunmuş hesabatına görə, “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına (“Aqrarkredit” QSC) məxsus, Qrup tərəfindən 2015-ci ildə alınmış 2 milyard 500,000 min AZN və əlavə olaraq 2016-cı ildə alınmış 7 milyard 500,000 min AZN (ümumilikdə 10,000,000 min AZN) nominal dəyərinə və 0.15 faiz dərəcəsinə malik qiymətli kağızlar daxildir. ENA.az xəbər verir ki, bu qiymətli kağzılar 2045-ci ildə ödənilməlidir.
2017-ci il ərzində “Aqrarkredit” QSC həmin qiymətli kağızların 517,896 min AZN-lik hissəsini vaxtından əvvəl geri alıb. Bu istiqrazlar hər hansı digər oxşar maliyyələşdirmə mənbələrinin və müqayisə edilə bilən maliyyə alətlərinin mövcud olmadığı xüsusi bazar seqmentində verilmiş və illik 0.15 faiz dərəcəsi bu seqmentə uyğun bazar faiz dərəcəsi hesab olunmuşdur.
31 dekabr 2022-ci il tarixinə Qrupun portfelində “Aqrarkredit” QSC-nin istiqrazlarının qalığı (nominal üzrə) 9 milyard 482,104 min AZN təşkil edib. Bu qiymətli kağızların ödənişinə dövlət zəmanəti verilir. Həmin qiymətli kağızlar “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri” haqqında Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli 570 nömrəli, həmçinin “Aqrarkredit” QSC tərəfindən dövlət zəmanəti əsasında emissiya ediləcək istiqrazların buraxılması, həcmi, müddəti və ödənilmə şərtləri”nin təsdiq edilməsi haqqında 2015-ci il 7 avqust tarixli 575 nömrəli Fərmanlarına uyğun olaraq Azərbaycan Mərkəzi Bankı tərəfindən alınıb.
Sözügedən qiymətli kağızlar üzrə 2022-ci ilin sonuna planlaşdırılan ödəniş 2023-cü ilin fevral ayında həyata keçirilib. Ödənişin fevral ayında həyata keçirilməsi dövlət zəmanəti verilmiş maliyyə alətləri üzrə ödənişlərin “Dövlət borcu və zəmanəti üzrə öhdəliklərinin Təminat Fondu”nun vəsaiti hesabına icra edilməsi üçün müvafiq prosedurların tələb olunması ilə əlaqədardır. Bu səbəbdən, həmin borc alətləri üzrə kredit riski əhəmiyyətli dərəcədə artmayıb.