"Titanik"ə görə itkin düşənlərin öldüyü təsdiqləndi
ABŞ Sahil Mühafizə Xidməti "Titanik" gəmisini tədqiq etmək üçün dənizin altına səfər edən zaman itkin düşən sualtı platformadakı 5 nəfərin öldüyünü təsdiqləyib.
Bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Bildirilir ki, itkin düşən sualtı platformadakı beş nəfər "fəlakətli" hadisə nəticəsində ölüb.
Qeyd edək ki, sualtı platformada olan 5 nəfər aşağıdakılardır:
Şahzada və Süleyman Davudlar Pakistanın zəngin ailələrindən birinin nümayəndələri olan ata-oğuldur. Kəraçi şəhərində yerləşən "Dawood Hercules Corp." şirkətinin sahibi olan ailə kənd təsərrüfatı, neft kimyası və telekommunikasiya infrastrukturu bizneslərinə malikdir.
Hamiş Hardinq Dubayda yaşayan ingilis milyarderdir. "Action Aviation" təyyarə vasitəçiliyi şirkətinin rəhbəridir. Hardinq gəzintiyə qatılmaq üçün külli miqdarda pul ödəyib.
Stokton Raş dalğıc və tur üçün məsuliyyət daşıyan "OceanGate" firmasının direktorudur. O, sualtı qayığın pilotudur. Okeanoloqdur. Öz sahəsi üzrə qabaqcıl mütəxəssislərdən biri kimi tanınır.
Paul-Henri Narqeolet Fransa donanmasının keçmiş zabitidir. O, "Titanik"i tədqiq edən şəxslərdən hesab olunur. İndiyə qədər 37 dəfə suyun altına enərək 5000 əsəri xilas edib.