Bank

Mərkəzi Bank pul siyasətinin sərtləşdirilməsində - PAUZA GÖTÜRƏCƏK

Azərbaycan Mərkəzi Bankı pul siyasəti ilə bağlı növbəti qərarlarını da daxili və xarici inflyasiya risklərini, faktiki və gözlənilən inflyasiyanın hədəfdən yayınma dərəcəsini nəzərə almaqla qəbul edəcək.

ENA.az xəbər verir ki, Mərkəzi Bank bundan sonra da inflyasiya amillərinin dərin təhlilini davam etdirəcəyini, monetar şərait vasitəsilə inflyasiyanı hədəf çərçivəsinə qaytarmaq üçün sərəncamındakı bütün alətlərdən adekvat istifadə edəcəyini bəyan edib.

"İnflyasiya təzyiqlərinin davamlı səngiməsi halında pul siyasətinin sərtləşdirilməsində ən azı cari ilin sentyabrınadək pauza götürülməsi, sonrakı mərhələlərdə isə onun yumşaldılması imkanları nəzərdən keçiriləcəkdir", -deyə AMB açıqlamasında bildirib.

Bəs, hansı alətlər vasitəsilə?

Mərkəzi Bank antiinflyasiya xarakterli pul siyasətini və inflyasiyaya təsir imkanlarını artırmaq istiqamətində islahatları davam etdirir. Uçot dərəcəsi və faiz dəhlizinin digər parametrlərinin yüksəldilməsi, yeni konfiqurasiyada pul siyasəti alətlərinin adekvat tətbiqi, məcburi ehtiyat normalarının qaldırılması və makro-prudensial tələblərdə edilən dəyişikliklər monetar şərait vasitəsilə inflyasiya təzyiqlərini məhdudlaşdırır. Banklararası təminatsız pul bazarında 1-3 günlük əməliyyatlar üzrə orta faiz dərəcəsi faiz dəhlizinin dəyişiminə reaksiya verərək ötən ilin sentyabrından bəri 2.67 faiz bəndi, cari ilin əvvəlindən bəri isə 1.72 faiz bəndi qalxıb.

Alternativ pul siyasəti lövbərinin formalaşdırılması istiqamətində görülmüş tədbirlər çərçivəsində Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə “Təminatsız Banklararası Pul Bazarında Bençmark Dərəcəsi (AZIR - Azerbaijan Interbank Rate) üzrə indekslərin hesablanması və açıqlanması Qaydaları” təsdiq edilib.

May ayından başlayaraq Blumberq platformasında banklar arasında milli valyutada bağlanan əqdlərin ortaçəkili faiz dərəcəsi (AZIR), həcmi və sayı barədə məlumatlar gündəlik əsasda Mərkəzi Bankın internet səhifəsində yayımlanır. Eyni zamanda Bakı Fond Birjası tərəfindən “Repo bazarında bağlanılan əqdlər üzrə indekslərin hesablanması və açıqlanması Qaydaları”-na dəyişikliklər təsdiq edilmişdir ki, bu da təminatlı bazarda reprezentativ faiz indekslərinin (AINA – Azn INdex Average) daha yüksək tezliklə yayımlanmasına imkan verir.

Mərkəzi Bankın notları üzrə investor bazasının genişləndirilməsi barədə müvafiq qərarın qəbulundan sonra banklarla yanaşı buraxılış şərtlərində müəyyən olunmuş meyarlara cavab verən qeyri-bank hüquqi şəxslər də hərraclarda iştirak etməyə başlayıb. Hazırda Mərkəzi Bankın dövriyyədə olan notlarının 7%-dən çox hissəsi qeyri-bank hüquqi şəxslərin mülkiyyətindədir. Not hərraclarında rəqabət mühitini optimallaşdırmaq, investor inamını artırmaq məqsədilə Mərkəzi Bankın notlarının yerləşdirilməsi şərtlərinə əlavə dəyişikliklər edilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)