Bank

Azərbaycan Mərkəzi Bankı faiz qərarını verdi

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 9%, faiz dəhlizinin aşağı həddi 7.5%, faiz dəhlizinin yuxarı həddi isə 10% səviyyəsində dəyişməz saxlanılıb.

ENA.az bu barədə AMB-nin press relizinə istinad edir.

“Bu qərar makroiqtisadi proqnozlar, inflyasiyaya təsir göstərən amillər və risklər balansının dəyişimi nəzərə alınmaqla verilmişdir”- deyə, AMB-dən bildirilir.

Pul siyasətinə həsr edilmiş ötən iclasdan bəri illik inflyasiya tempi azalmaqda davam etmişdir. May ayında əvvəlki aya nəzərən 0.4%-lik deflyasiya qeydə alınmış, illik inflyasiya 11.5% təşkil etmişdir ki, bu da ötən ilin sentyabr ayında qeydə alınmış pik səviyyə ilə müqayisədə 4.1 faiz bəndi aşağıdır.

İllik ərzaq inflyasiyası 12.7%-ə enmişdir. Tərəfdaş ölkələr üzrə orta çəkili inflyasiyanın nisbətən azalması, dünya əmtəə bazarlarında qiymətlərin enməsi, beynəlxalq yükdaşıma xərclərinin pandemiyadan əvvəlki səviyyələrə qayıtması, profisitli tədiyə balansı şəraitində valyuta bazarında tarazlığın qorunması və manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi, eləcə də qəbul edilmiş pul siyasəti qərarları illik inflyasiya tempini azaltmaqdadır. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə ərzaq qiymətləri ötən ilin aprelindən başlayan azalma meylini davam etdirərək mayda aylıq 2.6% azalmışdır. Dünya Bankının əmtəə bazarları haqqında son hesabatına əsasən mayda aylıq əsasda əmtəə qiymətləri 8.6%, o cümlədən enerji qiymətləri 11.3%, qeyri-enerji qiymətləri 3.6% azalmışdır. Tədiyə balansının profisitli olması valyuta bazarında da özünü göstərir. Cari ilin 5 ayında Mərkəzi Bankda keçirilən valyuta hərraclarının 98%-də tələb təklifdən az olmuşdur. 2018-ci ildən bəri ilk dəfədir ki, cari ilin ötən dövründə banklar tərəfindən nağd ABŞ dollarının alışları satışları üstələmişdir. Bu dövrdə mütəşəkkil banklararası valyuta bazarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 45% çox olmuşdur. Manatın nominal effektiv məzənnəsi 2022-ci ildə 8.4%, 2023-cü ilin 5 ayında isə 5.1% möhkəmlənmişdir. Son aylarda mövsümi amillər də inflyasiyaya azaldıcı təsir göstərir.

Bu qərar 22 iyun 2023-cü il tarixindən qüvvəyə minir. Pul siyasəti ilə bağlı növbəti qərar barədə məlumat ictimaiyyətə 2023-cü il iyul ayının 26-da açıqlanacaq və bununla bağlı mətbuat konfransı keçiriləcəkdir

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)