Sənaye

Şahbazov ölkəmizin qaz ixracına dair “tvit atdı”

Azərbaycan 2023-cü ilin yanvar-may aylarında qaz ixracını 9,6% artıraraq 10,3 milyard kubmetrə çatdırıb. ENA.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “Twitter” hesabında yazıb.

Nazir yazıb ki, 2023-cü ilin yanvar-may aylarında Avropaya 4,8 milyard kubmetr Azərbaycan qazı ixrac olunub ki, bu da bütün ixracın 46%-ni təşkil edir.

Türkiyəyə 4,3 milyard kubmetr (bütün ixracın 42%-i), Gürcüstana isə 1,2 milyard kubmetr qaz (bütün ixracın 12%-i) ixrac olunub. Hesabat dövründə TANAP Türkiyəni 2,4 milyard kubmetr qazla təchiz edib.

2023-cü ildə Azərbaycandan qaz ixracı 24,5 milyard kubmetr həcmində nəzərdə tutulub, bunun 12 milyard kubmetrə qədəri Avropaya nəql olunacaq. Avropada Azərbaycan qazının alıcıları İtaliya, Yunanıstan, Bolqarıstan və Rumıniyadır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)