Birrell: "BP Azərbaycanda yeni böyük qaz ehtiyatlarının aşkarlanacağını gözləyir"
Böyük Britaniyanın bp şirkəti Azərbaycanda yeni böyük qaz ehtiyatlarının aşkarlanacağını gözləyir. ENA.az xəbər verir ki, bu barədə şirkətin icraçı direktoru Qordon Birrell bildirib.
Onun sözlərinə görə, Bp hazırda qaz ehtiyatları haqqında daha ətraflı məlumat əldə etmək üçün “Azəri-Çıraq-Günəşli” blokunda qiymətləndirmə quyusu qazır. Həmçinin “Şahdəniz” yatağında kəşfiyyat quyusunun qazılmasına hazırlıq görülür.
“Ümid edirəm ki, bu işlərin nəticəsində böyük qaz kəşfləri olacaq ki, bu da Avropaya qaz ixracını artırmağa imkan verəcək”, - deyə o qeyd edib.
Birrell əlavə edib ki, neft-qaz layihələrinə investisiyaları ildə 1 milyard dollar artırmağı planlaşdırırlar. Eyni zamanda, şirkət öz səylərini aşağı karbonlu enerji mənbələrinin inkişafına yönəldib: “Biz enerji səmərəliliyinə sadiq qalırıq. Bununla bağlı Azərbaycanda biz Cəbrayıl rayonunda 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisini planlaşdırırıq”.