Sənaye

Azərbaycanın nə qədər qaz rezervi var? - RƏSMİ AÇIQLAMA

2023-cü ildə Azərbaycandan qaz ixracı 24 milyard kubmetri keçəcək ki, bunun da yarısı Avropaya göndəriləcək.

ENA.az xəbər verir ki, Energetika naziri Pərviz Şahbazovun dünən Bakı Enerji Forumunda çıxışına görə, Cənub Qaz Dəhlizinin (CQD) genişləndirilməsi nəticəsində Azərbaycan qazını alan ölkələrin sayı 6-dan 10-a yüksələcək.

Nazir vurğulayıb ki, hazırda Azərbaycan əlavə qaz həcmlərinin əldə edilməsi üzərində işləyir və bununla bağlı bir neçə mənbə nəzərdən keçirilir.

“Əsas mənbə zəngin qaz ehtiyatlarıdır. Bizim çıxarıla bilən qaz ehtiyatlarımız 933 milyard kubmetr, təsdiq edilmiş 1,7 trilyon kubmetr, proqnozlaşdırılan təxminən 4 trilyon kubmetr həcmində qiymətləndirilir”, - deyə o bildirib.

Şahbazovun sözlərinə görə, qısa və ortamüddətli perspektivdə Azərbaycanda bir sıra yeni yataqların, o cümlədən Abşeron, Qarabağ, Ümid-Babək (2-ci mərhələ) və Azəri-Çıraq-Dərin qaz anbarlarının istismara verilməsi planlaşdırılır.

Forumda çıxış edən Avropa Komissiyasının (AK) nümayəndəsi Kristina Lobillo Borrero bildirib ki, 2022-ci ildə Azərbaycandan Avropaya qaz ixracı 40% artacaq.

"Azərbaycan Aİ-nin mühüm təbii qaz təchizatçılarından biridir", - deyə o vurğulayıb.

Qeyd edək ki, 2022-ci ildə Azərbaycan qaz ixracını 18% artıraraq 22,3 milyard kubmetrə çatdırıb. Avropaya qaz ixracı isə 39% artaraq 11,4 milyard kubmetrə yüksəlib.

Hazırda Avropada Azərbaycan qazını İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya alır. Bundan əlavə, 2023-cü ilin sonuna kimi Azərbaycan qazının Macarıstan və Serbiyaya tədarükü başlaya bilər. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)