KOBİA və Litva İnnovasiyalar Agentliyi əməkdaşlıq edəcək
![](https://ena.az/uploads/news/2023-05/_ena_764e416f0d8032c0d8e88c1ee_o.jpg)
Vilnüsdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Litva Respublikasının Prezidenti Gitanas Nausedanın iştirakı ilə Litva - Azərbaycan biznes forumu keçirilib.
ENA.az xəbər verir ki, dövlət rəsmiləri ilə yanaşı, sənaye, maliyyə, tikinti, kənd təsərrüfatı, turizm, neft-kimya, əczaçılıq və İKT sahələrində fəaliyyət göstərən şirkət nümayəndələrinində iştirak etdiyi forum Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO, "LitFOOD" İxracın Təşviqi Agentliyi və Litva İnnovasiyalar Agentliyinin birgə təşkilatçılığı ilə keçirilib.
Forumda təqdimatla çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin fəaliyyəti, ölkəmizdə KOB subyektlərinə göstərilən dəstək və xidmətlər, eləcə də Azərbaycan və Litva KOB-ları arasında əməkdaşlıq imkanları barədə məlumat verib.
Tədbir çərçivəsində bir sıra sənədlər, o cümlədən KOBİA və Litva İnnovasiyalar Agentliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.