Azərbaycanda yük daşımalarının həcmi artıb
Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə 71 milyon 205,2 min ton yük daşınıb ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 5,9% çoxdur.
Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2023-cü ilin yanvar-aprel aylarını əhatə edən yük daşımalarının strukturunda 76,2% qeyri-dövlət nəqliyyat müəssisələrinin, 23,8% dövlət sektorunun payına düşüb. Bununla yanaşı, qeyri-dövlət nəqliyyat müəssisələri tərəfindən yük daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,1% artıb.
Hesabat dövründə dəmir yolu ilə 5 milyon 918,1 min ton (tranzit yüklər daxil olmaqla) yük daşınıb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 9,4% çoxdur.
Dəniz nəqliyyatı ilə 2 milyon 615,2 min ton (artım 26,4%), avtomobil nəqliyyatı ilə 39 milyon 183 min ton (artım 3,2%), hava nəqliyyatı ilə 63,4 min ton (azalma 64,8%) müxtəlif yük daşınıb. Yanvar-aprel aylarında daxili neft kəmərləri vasitəsilə 12 milyon 833,1 min ton neft (artım 10,5%) nəql olunub.
Nəqlin qalan həcmi magistral qaz kəmərlərinin payına düşüb.