Gündəm

Kameraların qoyulması üçün əhalidən pul yığılır? - RƏSMİ

Sosial şəbəkələrdə polis əməkdaşlarının vətəndaşlardan yaşadıqları ərazilərə kameraların quraşdırılması məqsədilə pul toplaması ilə bağlı məlumatlar yayılıb.

Bununla bağlı DİN-in mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev mətbuatın sorğusunu cavablandırıb:

İctimai yerlərdə – əhalinin sıx və hərəkətin intensiv olduğu küçə və prospektlərdə, parklarda, xiyabanlarda, keçidlərdə müşahidə kameraları dövlət tərəfindən quraşdırılıb və bu işlər bu gün də davam etdirilir. Vətəndaşlara məxsus obyektlərdə və yaşayış binalarında isə DİN tərəfindən videomüşahidə kameraları quraşdırılmır. Bu işlər qanunvericiliyə görə yalnız mülkiyyətçilər və mənzil sahibləri tərəfindən özlərinin şəxsi vəsaitləri hesabına həyata keçirilir.

Bəzi sosial şəbəkə səhifələrində çoxmənzilli yaşayış binalarında müşahidə kameraların quraşdırılmasından bəzi şəxslərin narahatlığı ilə bağlı qəsdən məlumatlar yayırlar.

Bununla əlaqədar bildirirəm ki, minlərlə vətəndaş DİN-ə müraciət edərək bu cür kameraların onlara məxsus obyektlərdə, yaşadıqları binların girişlərində qoyulmasına köməklik göstərmələrini xahiş edir. Vətəndaşlarımız yaxşı bilirlər ki, müşahidə kameraları olarsa onlara məxsus obyektlərin etibarlı mühafizəsi təmin olunacaq, yaşayış binalarının girişlərində antisanitar vəziyyət və arzuolunmaz insanların ora toplaşmalarına qarşı mübarizə daha effektli olacaq. Vətəndaşlarımızın bu təşəbbüsü polis əməkdaşları tərəfindən yalnız təşviq edilir. Kameraların alınması və quraşdırılması isə obyekt və mənzil sahibləri tərəfindən təşkil olunur.

Vətəndaşlarımız tərəfindən 200 mindən çox fərdi videomüşahidə vasitələri quraşdırılıb ki, bu işin təşkili polis əməkdaşlarının təşəbbüsü ilə təşviq edilib. Həmin kameralar “Təhlükəsiz şəhər” sisteminə daxil edilmir. Lakin obyektlərdə və yaşayış binlarının girişlərində olan kameraların görüntülərindən cinayətlərin qarşısının alınmasında və açılmasında istifadə olunur.

Bir daha diqqətə çatdırırıq ki, obyektlərdə, yaşayış binlarında fərdi müşahidə kameralarının polis əməkdaşları tərəfindən quraşdırılması ilə bağlı iddialar tam əsassızdır, həqiqəti əks etdirmir.

Onu da qeyd edim ki, vətəndaşlara məxsus obyektlərdə və yaşayış binalarının girişində kameraların quraşdırılmasından o şəxslər narahatdırlar ki, öz həyat tərzlərinin, qanunsuz əməllərinin ifşa olunmasından ehtiyat edirlər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)