“Rusiya taxıl dəhlizi sazişini de-fakto dayandırıb”
Taxıl dəhlizi sazişinin uzadılması üçün kritik əhəmiyyət kəsb edən 18 May tarixi ərəfəsində Ukrayna bəyan etdi ki, Rusiya faktiki olaraq dəhlizi yararsız hala salıb.
ENA.az xəbər verir ki, Ukraynanın restrukturizasiya nazirliyi bəyan edib ki, Rusiya yeni gələn gəmilər üçün qeydiyyatdan imtina edərək, Qara dəniz taxıl dəhlizi sazişini faktiki olaraq dayandırıb.
Nazirlikdən verilən açıqlamada, "Rusiya Federasiyası yeni gələn gəmiləri qeydiyyata almaqdan və yoxlamalardan imtina edərək, "taxıl təşəbbüsünü" bir daha faktiki olaraq dayandırdı. Bu yanaşma mövcud müqavilənin şərtlərinə ziddir".
Qara dəniz taxıl dəhlizi sazişinin uzadılması ilə bağlı nazir müavinləri səviyyəsində keçiriləcək iclas bu həftəyə keçirilib.
Müdafiə naziri Hulusi Akar, BMT-nin də daxil olacağı texniki heyətlər arasında görüş keçirilməsi zərurətinin ortaya çıxdığını ifadə edərək, "Bu görüşdən sonra gələn həftə nazir müavinlərinin görüşü olacaq", - deyib.
Rusiyanın etirazları həll olunmasa, taxıl dəhlizi sazişi mayın 18-də başa çatacaq.