Sənaye

"AzerGold"dan 50 min unsiya qızıl hədəfi

“AzerGold” QSC-nin baş ofisində 2018-ci ilin yekunlarına həsr olunan geniş tərkibli iclas keçirilib.

QSC-dən "BI"yə daxil olmuş məlumata görə, iclası giriş sözü ilə açan “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov bildirib ki, ötən il Cəmiyyət tərəfindən Çovdar yatağından 45 490 unsiya qızıl və 77 340 unsiya gümüş hasil edilib ki, bu da 2018-ci il üçün müəyyən olunan hasilat planını üstələyərək, 2017-ci il qızıl hasilatı üzrə göstəricilərdən 34%, gümüş hasilatı üzrə göstəricilərdən 53% çoxdur.  

İclasda, həmçinin hasilatın daha da optimallaşdırılması və yeni texnologiyaların tətbiqi müzakirə olunub. Bildirilib ki, “AzerGold” QSC tərəfindən davamlı olaraq həyata keçirilən optimizasiya işləri və müasir texnologiyaların tətbiqi sayəsində qızıl hasilatının maya dəyəri aşağı düşüb. Qiymətli metalların tükənən sərvət olduğu nəzərə alınaraq Cəmiyyət tərəfindən perspektivli istiqamətlərdə kəşfiyyat və tədqiqat işləri davam etdirilir. 2018-ci ildə “AzerGold” QSC tərəfindən yeraltı (sulfid) filizlərin ehtiyatlarını artırmaq məqsədi ilə Daşkəsən rayonunda yerləşən Çovdar yatağında, Çovdar yatağının yaxın cinahında yerləşən və “AzerGold” QSC-nin geoloqları tərəfindən ötən il kəşf olunmuş Ağyoxuş qızıl təzahürü sahəsində, Göygöl inzibati rayonunda yerləşən Tülallar sahəsində, Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən Ortakənd-Xanağa perspektivli mis-qızıl filizi sahəsində ümumilikdə 17 min metrədək buruq-qazma işləri aparılmış, metallurji, laborator, geotexniki, hidroloji tədqiqatlar həyata keçirilmiş, Filizçay polimetal yatağı üzrə ilkin texniki-iqtisadi əsaslandırma sənədi hazırlanmışdır. Aparılan tədqiqat və kəşfiyyat işlərinin məntiqi nəticəsi olaraq “AzerGold” QSC-nin istifadəsində olan sahə və yataqlar üzrə əlvan və qiymətli metal ehtiyatları beynəlxalq qiymətləndirmə standartları çərçivəsində təsdiqlənmiş, 2016-cı ilə nisbətdə 20 dəfəyə yaxın artıma nail olunmuşdur.

Tədbirdə, həmçinin cari il üçün hasilat planı da müzakirə olunub. 2019-cu ildə “AzerGold” QSC tərəfindən Çovdar yatağının yerüstü (oksid) istismar mərhələsi çərçivəsində hasilat planına uyğun olaraq 50 min unsiya qızıl və 87 min unsiya gümüşün hasil edilməsi nəzərdə tutulub ki, bu da 2018-ci ilin qızıl hasilatından 10%, gümüş hasilatından 13% çoxdur.  

Qeyd edilənlərlə yanaşı, “AzerGold” QSC dağ-mədən sənayesinin davamlı və dayanıqlı inkişafını təmin etmək, uzunmüddətli strateji hədəflərə nail olmaq üçün aparılan kəşfiyyat işləri ilə yanaşı, keçmişdə görülmüş tədqiqat və kəşfiyyat işləri sənədlərini tədqiq edir, onların beynəlxalq standartlara uyğun rəqəmsallaşdırılması, habelə iqtisadi səmərəliliyini qiymətləndirmək üçün müvafiq işlər aparır. Bu istiqamətdə görülən tədbirlər bu il də davam etdiriləcək.

İclasda bildirilib ki, 2018-ci il fəaliyyətin elektronlaşdırılması nöqteyi-nəzərdən də “AzerGold” QSC üçün uğurlu olub. Belə ki, 2018-ci ildə “AzerGold” QSC-də maliyyə, təchizat, insan resursları və anbar təsərrüfatı üzrə mərkəzləşdirilmiş elektron sistem yaradılıb, elektron sənəd dövriyyəsi sisteminin tətbiqinə başlanılıb. Bu, sənəd dövriyyəsinin sürətləndirilməsi və Cəmiyyətin fəaliyyətinin elektronlaşdırılması ilə yanaşı, şəffaflığın təmin edilməsinə də öz əhəmiyyətli töhfəsini verəcək.

Müasir standartlar əsasında işləyən şirkət olaraq “AzerGold” QSC təhlükəsiz əmək şəraitinin yaradılmasına və ətraf mühitin mühafizəsi tədbirlərinə böyük önəm verir. Cəmiyyətin fəaliyyət sahəsindəki bütün iş yerlərində qanunvericiliyin tələblərinə müvafiq təhlükəsiz əmək şəraitinin yaradılmasına, işçilərin müasir tələblərə cavab verən xüsusi geyim dəsti və fərdi mühafizə vasitələri ilə təmin edilməsinə, onların həyat və sağlamlığının qorunmasına, iş prosesi zamanı bədbəxt hadisənin minimuma endirilməsinə, həmçinin sağlamlıq, təhlükəsizlik, yanğından mühafizə üzrə digər tələblərə ciddi əməl edilir. Bu məqsədlə Cəmiyyətin əməkdaşlarına yüksək ixtisaslı və peşəkar biliklərə malik olan yerli və xarici şirkətlərin nümayəndələri cəlb olunmaqla 2018-ci ildə 100-ə yaxın təlim keçirilmişdir. İstehsalat sahəsində ekoloji tələblər təsdiq edilmiş “Ekoloji monitorinq proqramı”na uyğun olaraq təmin edilir. Hava, torpaq və su numünələri üzərində aparılmış təhlillərin nəticələri norma daxilindədir. Cəmiyyətin fəaliyyəti nəticəsində formalaşan bütün növ tullantıların düzgün idarə olunması daim nəzarətdə saxlanılır.

2018-ci ildə dağ-mədən sənayesi və yan sahələrdə mütəxəssislərin formalaşdırılmasını, elmi-texniki inkişafı, dağ-mədən və yerin təkindən istifadə üzrə milli siyasət və qanunvericiliyinin təkmilləşdirilməsini, peşəkar artımı, innovativ texnologiya və yanaşmaların araşdırılmasını, həmçinin ölkəmizin elmi potensialının dağ-mədən sənayesində tətbiqini nəzərdə tutan əməkdaşlıq şəbəkəsi uğurla inkişaf etdirilib. Ötən il Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “ADA” Universiteti ilə əməkdaşlıq haqqında memorandum imzalanıb, AMEA və bir neçə ali təhsil ocaqları ilə mövcud əməkdaşlıq uğurla davam etdirilib. Bununla yanaşı olaraq, ötən il “AzerGold” QSC ölkənin qızıl hasilatçısı kimi yerli və beynəlxalq bazarlarda tanıtımı, “Made in Azerbaijan” brendinin təşviqi ilə yanaşı, yerli sahibkarlıq subyektlərinə dəstəyin təmin edilməsi və daxili bazarın inkişaf etdirilməsi məqsədini daşıyan Azərbaycan qızılı və gümüşündən 999.9 əyarlıq külçə və sikkələrin istehsalı layihəsinə başlayıb.

2018-ci ildə “AzerGold” QSC nəzdində fəaliyyət göstərən Korporativ Sosial Məsuliyyət Komitəsi fəaliyyətini uğurla davam etdirib. Belə ki, Cəmiyyətin korporativ sosial məsuliyyət siyasəti çərçivəsində iki ağacəkmə aksiyası və iməclik keçirilib, Çovdar kənd məktəbi kitabxanasının müasirləşdirilməsinə və yerli maldarlara dəstək tədbirləri təşkil edilib, tarixçi alimlər arasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə Təqaüd Proqramı elan olunub və yekunlaşdırılıb. Bu il də “AzerGold” QSC korporativ sosial məsuliyyət tədbirlərini davam etdirməyi nəzərdə tutur. 2019-cu ildə Heydər Əliyev Fondu ilə birgə əməkdaşlıq çərçivəsində “Kiçik və orta aqrar təsərrüfatların iqlim dəyişikliyinə adaptasiyası üzrə təlim” və “Məhkum qadınların sosial adaptasiyasına dəstək”, həmçinin Daşkəsən rayonunun Quşçu kəndində xalça sexinin təsisi layihələri üzrə hazırlıq işlərinin həyata keçirilməsi, sosial elmlərin inkişafı, o cümlədən tarixi araşdırmaların təşviqini əhatə edən layihələrin icrası, ağacəkmə aksiyalarının və iməciliklərin təşkili planlaşdırılır.    

Hazırda “AzerGold” QSC Çovdar yatağında hasilat işlərini uğurla davam etdirir. Bu yatağın uğurlu istismarı nəticəsində 319 daimi iş yeri açılıb, 2018-ci il üzrə 10 milyon 523 min 220 manat həcmində vergi ödənilib. Bu il, Çovdar yatağının yeraltı filiz qatının istismarına dair texniki-iqtisadi əsaslandırma sənədinin yekunlaşması nəzərdə tutulub. Bununla yanaşı, Filizçay yatağında, Ağyoxuş və Tülallar qızıl təzahürləri sahələrində, Ortakənd-Xanağa sahəsində buruq-qazma və müvafiq tədqiqat işlərinin aparılması prioritet vəzifələr arasındadır. Cəmiyyət tərəfindən icrası nəzərdə tutulan işlər qeyri-neft sektorunun və regionların sosial-iqtisadi inkişafına güclü təkan verməklə yanaşı, dağ-mədən sahəsinin uzunmüddətli kompleks inkişafı üçün münbit şərait yaradacaq.  

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)