Dövlət Xidməti kvadratmetri 1 manatdan başlayan obyektləri icarəyə verir
Əmlak Məsələləri Dövlət Xidməti ucuz qiymətli obyektləri müsabiqə vasitəsilə icarəyə verir.
Əmlak Məsələləri Dövlət Xidməti kvadratmetri 1 manatdan başlayan aylıq icarə haqqı ilə qeyri-yaşayış sahələrini müsabiqə vasitəsilə icarəyə götürmək imkanı yaradır. İcarə üçün təklif olunan obyektlər regionlarda yerləşir, həmin əmlakları müxtəlif iqtisadi sahələrə cəlb etmək mümkündür.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti kiçik sahibkarlığın inkişafına dəstək ola biləcək yenilik edib. Ölkə ərazisində, xüsusilə bölgələrdə yerləşən qeyri-yaşayış sahələri (obyektləri) kvadratmetri 1 manatdan başlayan qiymətlərlə icarəçilərə təklif edilir. İlkin olaraq Hacıqabul rayonunda yerləşən obyektlər icarəyə verilir. Bununla bağlı, Dövlət Xidməti “Daşınmaz dövlət əmlakı obyektlərinin müsabiqə əsasında icarəyə verilməsi Qaydaları”na uyğun olaraq, qeyri-yaşayış sahələrinin (obyektlərin) icarəyə verilməsi üzrə müsabiqə elan edir. Müsabiqədə daşınmaz dövlət əmlakını icarəyə götürmək hüququna malik olan yerli, xarici fiziki və hüquqi şəxslər iştirak edə bilərlər. Müsabiqəyə yekun vurularkən maksimum həcmdə icarə haqqı təklif edən sifarişçiyə üstünlük veriləcəkdir.
Sifarişçilər müsabiqədə iştirak etmək üçün 8 may 2023-cü il tarixinədək müraciət edə bilərlər.
Qeyd edək ki, icarə üçün təklif olunan obyektlər biznesə başlayanlar, kiçik sahibkarlar üçün olduqca əlverişlidir. Bu kateqoriyadan olan biznes sahibləri əldə edəcəkləri qeyri-yaşayış sahələrində müxtəlif ticarət təyinatlı işləri (ərzaq, meyvə-tərəvəz, gündəlik tələbat malları, elektrik cihazları və avadanlıqları, ehtiyat hissələri, geyim və s.) həyata keçirə bilərlər. Həmçinin, obyektlər xidmət (ofis, bərbərxana, gözəllik salonu, təmir, bərpa, dərzi, çay, kofe və s.), istehsal (yarımfabrikatlar, məhsullun qablaşdırılması, kiçik istehsal avadanlıqları, şirniyyat və un məmulatları, meyvə və tərəvəz emalı sahəsi və s.) sahələri üçün də uyğundur.
İcarəyə veriləcək əmlakların sahəsi, icarə qiyməti, şəkilləri və məlumatlarla https://clck.ru/34Fecp linki vasitəsilə tanış olmaq mümkündür.