Sağlamlıq

Sığorta ilə işləyən xəstəxanaların sayı 122-yə çatdı

Dövlət tibb müəssisələrində göstərilməsi mümkün olmayan tibbi xidmətləri vətəndaşlar üçün icbari tibbi sığorta çərçivəsində qarşılamaq məqsədilə müqaviləli tibb müəssisələri də prosesə cəlb edilir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən verilən məlumata görə, 2021-ci ilin sonu ilə müqayisədə 2022-ci ildə Agentliyin müqavilə bağladığı müqaviləli tibb müəssisələrinin sayı 20-dən 111-ə yüksəlib. Hazırda isə müqaviləli tibb müəssisələrinin sayı 122-dir.

Dövlət tibb müəssisələrində aparılması mümkün olmayan, habelə xüsusi tibbi təchizat və təminat tələb edən əməliyyatlara gəldikdə, 2021-ci il ilə müqayisədə ötən il bu göstərici 4 dəfə artaraq 111 301 olub. Həmin xidmətlər sırasında sayca oftalmologiya (37 006), ürək-damar cərrahiyyəsi (30 150) üzrə əməliyyatlar və invaziv radioloji xidmətlər (26 633) çoxluq təşkil edib.

Agentlik Vətən müharibəsi iştirakçıları və şəhid ailəsi üzvlərinin tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi, onların müraciətinin operativ qaydada cavablandırılması, şikayətinin araşdırılması kimi məsələlərə həssaslıqla yanaşır. Onların icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən növbədənkənar yararlanmasına şərait yaradılır. İcbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində ötən il 12 730 şəxsə 199 162 tibbi xidmət göstərilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department