Sosial iqtisadiyyat

Dövlət Xidmətindən uyğunluğu qiymətləndirən qurumlara - XƏBƏRDARLIQ

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (AİBNDX) uyğunluğu qiymətləndirən qurumlara xəbərdarlıq edib.  

AİBNDX xatırladır ki, məlumatları Dövlət Reyestrinə daxil edilməmiş standart nümunələrin və ölçmə vasitələrinin istehsalı, idxalı, satışı və istismarı qadağandır.

ENA.az xəbər verir ki, Dövlət Xidməti ölçmə vasitələrinin yoxlanılması, kalibrlənməsi, habelə sertifikatlaşdırma fəaliyyəti ilə məşğul olan uyğunluğu qiymətləndirən akkreditasiya edilmiş müstəqil qurumların fəaliyyətinə nəzarət tədbirlərini davam etdirir.

Qurum bildirir ki, bəzi hallarda akkreditasiya edilən uyğunluğu qiymətləndirən qurumlar tərəfindən tipi təsdiq edilməmiş, habelə məlumatları Dövlət reyestrinə daxil edilməmiş standart nümunələrin və ölçmə vasitələrinin qanunsuz yoxlanılması və ya kalibrlənməsi həyata keçirilir.

Qanunvericiliyə əsasən dövlət tənzimlənməsinin şamil olunduğu sahələrdə tətbiq edilən standart nümunələrin və ya ölçmə vasitələrinin tipi təsdiq edilməli və müvafiq sertifikatla təmin edilməlidir.

Tipin təsdiqi və bu barədə sertifikatın verilməsi İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən həyata keçirilir.

Tip təsdiq edilərkən onun dəqiqlik göstəriciləri, yoxlamalararası intervalı və yoxlama metodikası müəyyən edilir. Tipi təsdiq edilmiş standart nümunələr və ölçmə vasitələri barədə məlumatlar Dövlət Xidməti tərəfindən aparılan Dövlət Reyestrinə (http://metrology.az) daxil edilir.

Məlumatları Dövlət Reyestrinə daxil edilməmiş standart nümunələrin və ölçmə vasitələrinin istehsalı, idxalı, satışı və istismarı qadağandır.

"Bu cür qanun pozuntularına yol verən, habelə akkreditasiya haqqında qanunvericiliyin tələblərinə əməl etməyən uyğunluğu qiymətləndirən qurumlar məsuliyyət daşıyırlar"-deyə Xidmət xəbərdarlıq edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)