Sərhəddəki insidentə Rusiya XİN-dən - REAKSİYA
Rusiya Xarici İşlər Nazirliyi (XİN) ötən gün Azərbaycan-Ermənistan sərhədində baş vermiş silahlı insidentə münasibət bildirib.
ENA.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinq zamanı danışıb.
"Rusiya Ermənistanla Azərbaycan sərhədində baş verən atışmadan sonra dərhal deeskalasiya tədbirləri görüb", - deyə Zaxarova vurğulayıb.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, ötən gün Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub. Cavab tədbirləri nəticəsində Ermənistan ordusunun 4 hərbçisi məhv edilib, 6-sı yaralanıb. Təxribatın qarşısını alarkən Azərbaycan ordusunun 3 hərbçisi şəhid olub.