Beynəlxalq Valyuta Fondu “Dünya iqtisadiyyatının inkişaf perspektivləri” hesabatını açıqlayıb
Beynəlxalq Valyuta Fondu (BVF) 2023-cü il “Dünya iqtisadiyyatının inkişaf perspektivləri” hesabatını açıqlayıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdirinin müavini Günay Quliyeva hesabatı şərh edərkən bildirib ki, dünyada iqtisadi artım göstəricisi 2022-ci ilin 3.4 faizlik artımı ilə müqayisədə azalaraq, 2023-cü il üçün 2.8 faiz proqnozlaşdırılır. 2024-cü il üçün bu göstərici 3 faiz həddində sabitləşəcək.
Hesabatda göstərilir ki, qabaqcıl iqtisadiyyatlarda iqtisadi artım 2022-ci ildəki 2.7 faizdən 2023-cü ildə 1.3 faizə qədər nəzərə çarpan bir nisbətdə yavaşlayacaq. Maliyyə sektorunun pisləşəcəyi alternativ ssenaridə göstəricilər daha da aşağı düşərək qlobal iqtisadiyyat üçün 2.5 faiz, qabaqcıl iqtisadiyyatlar üçün isə 1 faizdən aşağı olacağı proqnozlaşdırılır.
Günay Quliyeva bildirib ki, hesabatda həmçinin əmtəə qiymətlərinin düşməsi fonunda inflyasiyanın 2022-ci ildəki 8.7 faiz həddindən 2023-cü ildə 7 faiz həddinə qədər azalması ehtimal edilir.
BVF hesabatında Azərbaycan üçün 2023-cü ildə iqtisadi artımı 3 faiz həddində proqnozlaşdırıb. Həmçinin ölkə üçün verilən proqnozlarda cari hesablar balansının müsbət olacağı və cari hesab balansı üzrə profisitin ümumi daxili məhsula (ÜDM) nisbətinin 19.2 faiz səviyyəsində olacağını proqnozlaşdırır. Bu isə region ölkələri ilə müqayisədə çox yüksək göstəricidir.