"Banklar “3D Secure” sisteminə qoşulmalı olacaq"
"Bu ilin sonuna qədər Azərbaycandakı bütün kommersiya bankları “3D Secure” təhlükəsizlik kodlarından istifadə etməli olacaq”.
Bunu jurnalistlərə “Azericard” MMC prossesinq mərkəzinin baş direktorunun müavini Zakir Axundov deyib.
O, təmsil etdiyi şirkətin müştərisi olan bəzi bankların hələ də "3D secure" təhlükəsizlik sisteminə qoşulmamasına da münasibət bildirib: “Biz bu xidməti banklara təklif edirik. Amma onu tətbiq edib-etməmək bankdan asılıdır. Həmin sistemi bankdan müştəri, Maliyyə Bazarlarına Nəzarət Palatası, "Mastercard" və "Visa" şirkətləri tələb edə bilər. Hazırda 3 üsulla "3D secure" təhlükəsizlik xidmətini həyata keçirmək olar. Onlardan birincisi müştərinin öncədən müəyyən etdiyi sabit şifrədir. Bu sistem artıq bu ildən ləğv edilib. Çünki sabit şifrənin başqaları tərəfindən ələ keçirilməsi daha asandır. İkincisi mobil telefonlara gələn şifrədir. Sonuncu üsul isə ATM şəbəkəsindən çıxarılmış birdəfəlik şifrələrdir".
"Azericard" rəsmisi həmçinin tətbiq etdikləri mobil əlavənin müəyyən məsələlərdə geri qalmasına da münasibətini açıqlayıb: “Hazırda biz mobil tətbiqimizi müştərimiz olan banklara təklif edirik. Onlar isə öz interfeyslərini və loqolarını əlavə edərək bu tətbiqdən istifadə edirlər. Hazırda bu mobil əlavənin üzərində işləyirik. Tezliklə "fingerprint" (barmaq izinin tanınması), "face control" (üzün tanınması) və "eye control" (gözün tanınması) imkanları da bu mobil tətbiqə əlavə olunacaq”.