Gündəm

Fazil Mustafaya qarşı terrorun izləri İrana dəlalət edir - RƏSMİ

Milli Məclisin deputatı Fazil Mustafaya qarşı həyata keçirilmiş terror aktının istintaqının ilkin izlərinin İrana dəlalət etməsini qeyd etmək olar.

ENA.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib. 

Onun sözlərinə görə, son zamanlar İran ərazisindən Azərbaycana qarşı təhdidlər səsləndirilir və təxribatlara yol verilir.

"Bunlara misal olaraq, Azərbaycanın sərhədləri boyu İran tərəfindən hərbi təlimlərin keçirilməsini, sərhəd üzərindən hərbi uşuşların həyata keçirilməsini, İranın vəzifəli şəxsləri tərəfindən anti-Azərbaycan bəyanatlarının verilməsini, SEPAH kimi İranın təhlükəsizlik strukturları tərəfindən hətta uşaqları cəlb etməklə və Xudafərin körpüsünün yanında Azərbaycan əleyhinə təhdid dolu video çarxların çəkilməsi və nümayişini, Azərbaycanın İrandakı səfirliyinə qarşı terror hücumunu, Milli Məclisin üzvü Fazil Mustafaya qarşı həyata keçirilmiş terror aktının istintaqının ilkin izlərinin İrana dəlalət etməsini qeyd etmək olar.

Bu gün, İran-Ermənistan qardaşlığı bütövlükdə region üçün təhlükə olmaqda qalmaqdadır. Son 30 il ərzində İran faktiki olaraq, səssiz razılığı ilə, Ermənistanın Azərbaycan ərazilərinin işğalına göz yummuşdur. Qarabağ və Şərqi Zəngəzurun işğalı və bu ərazilərin talan edilməsinə, bu ərazilərdəki evlərdən sökülmüş daşların İran bazarlarında satılmasına, mövcud olmuş 67 məsciddən 65-in dağıdılması və təhqir edilməsinə İran tərəfindən əhəmiyyət verilməməsi yaxşı məlumdur", - deyə XİN rəsmisi vurğulayıb.

Qeyd edək ki, martın 28-də Milli Məclisin deputatı Fazil Mustafaya qarşı terror aktı törədilib. Yaşadığı evin qarşısında güllələnən deputat çiyin və ayağından yaralanıb. O, dərhal xəstəxanaya çatdırılaraq, əməliyyat olunub.  

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)