İnşaat və əmlak

Kirayəverənlər üçün bəd xəbər - QİYMƏTLƏR DÜŞƏ BİLƏR

"İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini alması və satmaq öhdəliyi ilə kirayəyə verməsi mexanizminin yaradılması kirayə bazarına müəyyən sabitlik gətirə, reallığa uyğun gəlməyən kirayə qiymətlərinin azalmasına səbəb ola bilər". 

Bunu açıqlamasında daşınmaz əmlak bazarı üzrə ekspert Nüsrət İbrahimov yeni kirayə mexanizminin mümkün təsirini şərh edərkən deyib. 

"Dünya təcrübəsi göstərir ki, kirayə bazarında qiymətləri sabit saxlamaq üçün işlək mexanizmlər yaradılmalıdır. İpoteka kreditləşməsi, sosial mənzillər, eləcə də sonradan satış məqsədi ilə evlərin kirayə verilməsi belə mexanizmlərdəndir. Layihənin reallaşdırılması bu bazarda bir növ tələb və ona uyğun təklif formalaşdıracaq. Hazırda Azərbaycanın kirayə bazarında təklif azdır. Bazar əsasən Bakı və Sumqayıt şəhərlərində, ümumi alqı-satqının 5%-i qədər olmaqla formalaşıb, regionlarda isə yox dərəcəsindədir. Odur ki, qiymətlər yüksəkdir və getdikcə artır. Təkcə ötən il kirayə mənzillərin 1m2-nin qiyməti orta hesabla 7,5% artaraq 8,5 manata çatıb. Kirayə bazarında təklif artsa, qiymətlər tənzimlənər”,- deyə ekspert qeyd edib. 

"Sabitlikdən əlavə, satmaq öhdəliyi ilə kirayə əhalinin mənzil problemini həll edə, tikinti sektorunu hərəkətə gətirə və bununla da iqtisadi artıma təkan verə bilər", - deyə N.İbrahimov əlavə edib. 

İqtisadçı-ekspert Rəşad Həsənov isə hesab edir ki, yeni mexanizmin kirayə bazarına ciddi təsir edəcəyini, rəqabət mühitini gücləndirəcəyini gözləmək lazım deyil: "Çünki satmaq öhdəliyi ilə kirayə məsələsində söhbət bazara kütləvi mənzil təklifindən getmir. İpoteka və Kredit Zəmanət Fondunun bu istiqamətdə imkanları kifayət qədər məhduddur. Ən yaxşı halda il ərzində bir neçə yüz mənzil təklif oluna bilər. Bu da kirayə bazarında qiymətlərə hər hansı bir formada təsir etməyəcək və rəqabət mühitini gücləndirməyəcək. Onu da nəzərə almaq lazımdır ki, Fondun kirayə verəcəyi mənzillər yeni mənzillər olmayacaq, hansısa formada mövcud bazardan əldə edilmiş mənzillər olacaq. Yəni, daşınmaz əmlakların bir qismi bazarın bir iştirakçısından digər iştirakçısı qismində Fonda ötürüləcək".

Bununla belə, ekspertin fikrincə, satmaq öhdəliyi ilə kirayə əhalinin mənzillə təminatını qismən də olsa yaxşılaşdıracaq: "Bu, xüsusilə həssas sosial qrupların mənzillə təminatına müsbət təsir göstərə bilər. Hazırda Azərbaycanda mənzil təminatı ilə bağlı mövcud olan mexanizmlər əhalinin aztəminatlı təbəqəsinin mənzil problemini tam həll edə bilməyib. Mənzilə əlçatanlıq hələ də zəifdir. Əsas problem də ondan ibarətdir ki, mənzillərin satış qiymət onların real dəyərini həddindən çox üstələyir. Bu da daşınmaz əmlak bazarında təklifin tələbrdən dəfələrlə az olması ilə bağlıdır. Hesablamalara görə, hər il ölkədə 80 minə yaxın yeni ailə qurulur və 30-35 min yeni mənzilə ehtiyac yaranır. Amma bu qədər mənzil tikintisi həyata keçirilmir. Odur ki, yeni yaradılan mexanizm qismən də olsa əhalinin mənzil problemini həll edəcək". 

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)