Çindən Ukrayna müharibəsi ilə bağlı 12 TƏKLİF
Çin Ukraynadakı müharibənin bütün tərəflərini hərbi əməliyyatları dayandırmağa və “soyuq müharibə zehniyyətindən əl çəkməyə” çağırıb.
Modern.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin saytında dərc olunan sənəddə deyilir.
Pekin hesab edir ki, sülh danışıqlarına başlamaq, birtərəfli sanksiyalara son qoymaq, həmçinin Ukrayna taxılının ixracına zəmanət vermək və strateji riskləri azaltmaq lazımdır. Sənəd “Ukrayna böhranının siyasi həlli ilə bağlı Çinin mövqeyi” adlanır.
Mövqe sənədində Pekin 12 maddə təqdim edib:
1. Bütün ölkələrin suverenliyinə hörmət edilməlidir: Çin beynəlxalq qanunlara, o cümlədən BMT Nizamnaməsinə əməl etməyi zəruri hesab edir, lakin ikili standartlara yol vermədən, bütün ölkələrin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü də təmin edilməlidir.
2. “Soyuq müharibə zehniyyətindən” imtina edilməlidir: Çin əmindir ki, “bir ölkənin təhlükəsizliyini digər ölkələrin təhlükəsizliyi hesabına əldə etmək olmaz. Pekin "bütün ölkələrin qanuni təhlükəsizlik maraqlarına" ciddi yanaşmağa çağırıb.
3. Döyüşlər dayandırılmalıdır: Çin qeyd edir ki, “müharibələrdə qalib yoxdur” və hesab edir ki, “bütün tərəflər rasionallıq və təmkinlilik nümayiş etdirməlidir. Pekin qeyd edir ki, Rusiya və Ukrayna arasında birbaşa dialoqun bərpasını dəstəkləmək, gərginliyin azaldılmasına kömək etmək və “vəziyyəti yumşaltmaq” və “hərtərəfli atəşkəsə nail olmaq” lazımdır.
4. Sülh danışıqları başlamalıdır: Çin fikirləşir ki, “dialoq və danışıqlar Ukrayna böhranından yeganə real çıxış yoludur”.
5. Humanitar böhran həll edilməlidir: Pekin “mülki əhalinin təhlükəsizliyinin qorunmasına” və onların təxliyəsi üçün humanitar dəhlizlərin yaradılmasına, humanitar yardımın artırılmasına və bu məsələdə BMT-nin rolunu dəstəkləməyə çağırıb.
6. Mülki vətəndaşlar və hərbi əsirlər qorunmalıdır: Çin qeyd edir ki, münaqişə tərəfləri mülki şəxslərə və mülki obyektlərə hücum etməkdən çəkinməli, qadın və uşaqları müdafiə etməli, hərbi əsirlərin hüquqlarına hörmət etməlidir.
7. Atom elektrik stansiyalarının təhlükəsizliyi qorunamlıdır: Çin hesab edir ki, "dinc məqsədli nüvə obyektlərinə" - xüsusən də atom elektrik stansiyalarına silahlı hücumların qarşısını almaq lazımdır.
8. Strateji risklər azaldılmalıdır: Pekin vurğulayır ki, nüvə silahından istifadə etmək olmaz və onların istifadəsi və ya istifadə təhlükəsinə qarşı mübarizə aparılmalıdır.
9. Taxıl ixracına zəmanət verilməlidir: Çinin fikrincə, bütün tərəflər 2022-ci ildə Rusiya, Ukrayna, Türkiyə və BMT tərəfindən imzalanmış taxılın Qara dəniz vasitəsilə daşınmasına dair sazişə əməl etməlidir.
10. Birtərəfli sanksiyalar dayandırılmalıdır: Çin hesab edir ki, bu cür tədbirlər "nəinki problemləri həll etməyəcək, həm də yenilərini yaradacaq".
11. İstehsal və tədarük zəncirlərinin sabitliyi təmin edilməlidir: Pekin qeyd edir ki, dünya iqtisadiyyatını qorumaq və onun siyasiləşdirilməsinə və hərbi məqsədlər üçün istifadəsinə müqavimət göstərmək lazımdır.
12. Müharibədən sonrakı yenidənqurma təşviq edilməlidir: Çin hesab edir ki, beynəlxalq ictimaiyyət münaqişə zonalarında müharibədən sonrakı bərpa işlərini dəstəkləmək üçün hərəkətə keçməlidir və bu məsələdə “yardım etməyə və konstruktiv rol oynamağa” hazırdır.