MALİYYƏ

“1.79 manat / 1$ məzənnəsi o zaman özünü doğruldacaq ki…” – EKSPERT

Xəbər verdiyimiz kimi, “Standard&Poors” (S&P) Beynəlxalq reytinq agentliyi 2019-2021-ci illərdə manatın dollara nisbətən ucuzlaşacağına dair proqnoz verib. Agentliyin analitiklərinin qiymətləndirmələrinə əsasən, 2019-cu ildən etibarən dolların manata nisbətən bahalaşacağı müşahidə olunacaq.

"BI" xəbər verir ki, yerli ekspertlər  bu proqnozlara münasibətlərini açıqlayıblar. İqtisadçı Rövşən Ağayevin fikrincə, manatın məzənnəsinin dəyişməsi ilə bağlı agentliyin açıqlamasındakı bəzi məqamların dəqiqləşdirməyə ehtiyacı var.

Məsələn, göstərilir ki, “2017-ci ilin aprel ayından mübadilə məzənnəsi $1,97 manat/$1 səviyyəsində stabilləşib. Fikrimizcə, əgər neftin qiyməti az əlverişli olarsa, Azərbaycan hökuməti, 2015-ci ildə baş verdiyi kimi, böyük həcmdə valyuta ehtiyatlarının itkisinə yol verməmək məqsədilə mübadilə məzənnəsinin düzəlişinə gedəcək”.

“Əgər nəzərə alsaq ki, Azərbaycanda dollar 1,92 manata qədər bahalaşmışdı, o zaman 1,97 rəqəminin necə formalaşdığı sual doğurur”.

Qeyd edək ki, proqnoza görə, 2019-cu ilin sonunda Dollar/Manat məzənnəsi 1.79 manat səviyyəsinə, 2020-ci ilin sonunda 1.87 manata, 2021-ci ilin sonunda isə 1.97 manata qalxacaq.

Rövşən Ağayev bu proqnozların reallaşmasının neft qiymətlərindən asılı olacağını bildirdi:

“Nə qədər ki, neftin qiymətində 60 dollardan aşağı eniş yoxdur, mən bu dəyişikliyi gözləmirəm. 1.79 manat / 1$ məzənnəsi o zaman özünü doğruldacaq ki, neftin qiymətində azalma olacaq. Qiymətin 50 dollardan aşağı enməsi tendensiyası 3-5 ay və daha artıq davam edərsə, hökumət valyutaya tələbatı azaltmaq üçün məzənnəni artıra bilər. Amma nə qədər ki, neftin qiyməti 60 dollar civarındadır, Mərkəzi Bankın məzənnəni dəyişməsini gözləmirəm. İndiki halda neftin qiymətində 60 dollardan aşağı eniş yoxdur”.

Ekspert hesab edir ki, neftin qiyməti İran və Venesuelladakı proseslərin müddətindən asılı olaraq dəyişə bilər. İrana qarşı sanksiyalar sərtləşərsə, qiymətlər qalxa bilər. Ancaq indiki halda bu proseslərin nə qədər davam edəcəyini proqnozlaşdırmaq asan olmadığından qiymət dəyişikliyi barədə danışmaq tezdir.

R.Ağayev Azərbaycan hökumətinin  2015-ci ildəki  proseslərindən dərs götürdüyünü də vurğulayıb.  O zaman yol verilən təcrübəsiz davranışların təkrarlanmayacağına ümid etdiyini bildirib:

Faktiki olaraq 1995-ci ildən sonra 20 il ərzində manatın məzənnəsi kiçik dəyişikləri istisna etməklə sabit qalmışdı. Hökumət isə təcrübəsizlikdən neft pulları azalan kimi qəflətən məzənnəni endirdi və düşünürəm ki, artıq təcrübəsi var”.

Ekspert eyni zamanda indi də Mərkəzi Bankın məzənnə siyasətində də yanlışlığıa yol verdiyini qeyd edib. Onun fikrincə, vaxtaşırı bazarda kiçik məzənnə dəyişikliklərinin edilməsi  bazar iştirakçılarını məzənnə fərqlərinə öyrədə bilər. Bu da ciddi ajiotajlara gətirib çıxarmaz:

“Mərkəzi Bankın yanaşması belədir ki, məzənnə sabit olanda insanlar arasında da panika olmur. Əslində, bu  yanaşma yanlışdır. Vaxtaşırı  məzənnədə 5 qəpik, 3 qəpik  qalxıb ensə, bazar iştirakçılarını da belə hallara alışdırar. Dövrü olaraq məzənnə 1.73 manat/$, 1,75 manat/$ olarsa, insanlarda da panika yaratmaz. Əhali görəcək ki, bazarda tələb və  təklifdən asılı olaraq belə hallar baş verir”.  

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department