Tehrandakı səfirliyimizə hücumun yeni DETALLARI
İrandakı səfirliyimizə hücum zamanı terrorçu özüylə gətirdiyi yanar maddə ilə səfirliyə məxsus nəqliyyat vasitəsinin təkərlərini iki dəfə alışdırıb.
ENA.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bu gün keçirdiyi brifinqdə bildirib.
"Terrorçu polisin hadisəyə müdaxilə etməməsindən istifadə edərək əvvəlcədən hazırladığı “Molotov kokteyli”ni səfirlik binasına atmaq istəyib. Daha sonra terrorçu təhqiramiz ifadələr işlədərək səfirliyin binasında diplomatların ailə üzvlərinin yaşadıqları mənzillərin pəncərələrinə davamlı atəş açıb", - deyə XİN rəsmisi vurğulayıb.
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub.
Məlumata görə, hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.
Terror aktını törədən İran vətəndaşı Yasin Hüseynzadə saxlanılıb.