Bank

Əmanətlər bu gündən vergiyə cəlb olundu - Mərkəzi Bank sədrindən REAKSİYA

Mərkəzi Bankın sədri Taleh Kazımov banklardakı əmanətlərin vergiyə cəlb olunmasından danışıb.

ENA.az xəbər verir ki, Taleh Kazımov bu gün keçirilən mətbuat konfransında bildirib ki, artlq 7 il idi ki, Vergi Məcəlləsinə əsasən, depozit gəlirlərinə güzəşt tətbiq olunurdu. 2023-cü il fevralın 1-də bu güzəşt başa çatıb. 

Taleh Kazımov əmanətlərin vergiyə cəlb olunması qanunvericiliyin tələbidir:

“Bu, əmanətlərdə hər hansı təhdid yaratmır. Təhlillər göstərir ki, depozit portfelinin həcminə ciddi təsir göstərməyəcək. Hesab edirik ki, banklar həmin xərci öz depozit faizlərində əks etdirəcək. Ola bilər ki, bu kredit faizlərinə təsir etsin. Bunu isə qarşıdakı təhlillərimiz əsasında deyə biləcəyik. Biz gözləyirik ki, depozitlərin banklardan çıxmaması üçün faizlər vergi faizi nisbətində artırılacaq”.

Xatırladaq ki, bu gündən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirlərinə tətbiq olunan vergi güzəştinin müddəti başa çatıb.

Banklarda olan əmanətlər 2016-cı il fevralın 1-dən etibarən 7 (yeddi) il müddətində vergidən azad edilmişdi. Belə ki, “Vergi Məcəlləsi”nin 102.1.22-ci maddəsinə əsasən, yerli bank və xarici bankın Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri gəlir vergisindən azad idi.

Bu gündən bankların fiziki şəxslərin əmanətləri üzrə ödədiyi illik faiz gəlirlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulacaq. Bu, 1 fevral 2023-cü il tarixindən sonra hesablanmış faizlərə münasibətdə tətbiq ediləcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)