Gündəm

Banklar hərracdan niyə dollar almadı? VƏ YA DOLLARA LİMİT QOYAN TƏLİMAT

Dünən keçirilən hərracda Azərbaycan Dövlət Neft Fondunun çıxartdığı dolları alan olmayıb. Yəni, heç bir bank hərracdan 1 dollar da istəməyib. İlin əvvəli olmasına və idxal-ixrac əməliyyatları üzrə hesabatlılıq, ödənişlərin çoxluğu ilə seçilən bu ayda dolların alınmaması ciddi suallar doğurub.

 

Əhalinin dollar satışı alışı üstələyir

 

ENA.az-ın bank sektorundan əldə etdiyi məlumata görə, əksər bankların kassaları dollarla doludur. Yəni, hazırda bankın dollara ehtiyacı yoxdur. Dollar mübadiləsi üzrə ixtisaslaşan bəzi banklar hətta əhalidən dollar alışının satışı üstələdiyini qeyd edir. Nəzərə alsaq ki, banklar əhalidən dolları Azərbaycan Mərkəzi Bankının təyin etdiyi 1.70 məzənnəsindən ucuz alır, bu halda hərracdan baha dollar niyə alsın ki?! Ölkədəki inflyasiyanın səviyyəsinin əhalinin yığım kimi istifadə etdiyi dollar alışını azaltdığını da nəzərə alsaq, tələbatın düşməsində amillərdən biridir. 

 

Banklararası bazarda dollar bolluğudur

Hazırda banklararası bazarda dollar kifayət qədər çox olduğuna görə hərracdan almağa lüzum yoxdur. Ümumiyyətlə, indi dövriyyədə dollar bolluğu yaşanır və burada makroiqtisadi amillərin, xüsusən də neftin baha satışından ölkəyə daxil olan valyutanın həcminin yüksək olması mühüm rol oynayır.

 

Dollara limit qoyan təlimat

ENA.az-ın bank sektorundan əldə etdiyi məlumata görə, digər mühüm faktor dollarla bağlı Azərbaycan Mərkəzi Bankının daxili təlimatıdır. Belə ki, həmin təlimatda bankların saxlaya biləyəcəyi dolların həcmi göstərilib, bu həcmi aşan bankları isə cərimə gözləyir. Ötən ilin sentyabrından tətbiq edilən bu təlimatın müsbət tərəfləri maliyyə sektoru üçün çoxdur. Bu ilk növbədə uzun müddətdir ki, Azərbaycanda banklararası bazarın yaradılmasının vacib olduğunu desə də edə bilməyən AMB-nin bu hədəfinə çatmasına səbəb olub. İndi bank yolverilən həddən çox olan dollarını sistem daxilində bazara çıxarır və ehtiyacı olan bank ondan dolları alır. Nəticədə tənzimləyici bankların dollarla bağlı vəziyyətini aydın şəkildə görür və əməliyyatları izləyə bilir. Banklar da öz növbəsində bank bazarından dollar əldə etməkdə maraqlıdır, çünki bu zaman xüsusən də xaricə ödəmələrdə nağdsız əməliyyatlarda komissiya tutulmur.       

 

Azərbaycan Beynəlxalq Bankı faktoru

Bu bankın dollarla bağlı “vəziyyət”də böyük payı var. Xatırlayırsınızsa, 2014-2016-cı illərdə ölkəmizdəki devalvasiya məhz bu dövlət bankının ayağına yazıldı. Bundan sonrakı illərdə hərraclarda dollara ən böyük tələb irəli sürən məhz Beynəlxalq Bank olub. Çünki bankın aldığı bütün xarici kreditlər dövlət zəmanətli olub və onun qaytarılması üçün böyük məbləğdə ABŞ valyutasına ehtiyac vardı. Ötən il isə valyuta mövqeyinin açıqlığını bağlamaq üçün Azərbaycan Mərkəzi Bankı Azərbaycan Beynəlxalq Bankına öz rezervlərindən 236 milyon dollar satdı. İlin sonuna ABB-nin açıq valyuta mövqeyinin artıq bağlandığı bəyan edildi. Beləliklə, bank sektorunda “dollar acı”nın tələbatı ödənildiyi üçün hərraclarda iri məbləğlərdə dollar satışı baş vermir.

 

Büdcə bağlıdır

Valyutaya tələbin aşağı olmasının başlıca səbəblərindən biri də dövlət büdcəsinin bu aylarda bağlı olmasıdır. Yəni, büdcədən nəzərdə tutulan xərclərin ödənişi adətən martın sonundan başlayır. Valyutaya ən çox tələbi iri dövlət infrastruktur layihələri formalaşdırdığından artıq martın sonuna dollara tələbin artacağı şübhə doğurmur.

 

 Avro bahalaşır deyə...

Bundan başqa, dolların satılmamasının digər səbəblərindən biri kimi, birjalarda avronun bahalaşması da mühüm rol oynaya bilər. Çünki hamı bilir ki, Azərbaycanda dolların qiyməti dəyişmir, amma avro ciddi şəkildə bahalaşır, ona görə də avro ilə ödənişləri olan banklar hazırda daha çox avro almağa meyillidirlər.

Azərbaycan Mərkəzi Bankının açıqladığı bugünkü məzənnəyə görə neçə ay əvvəl 1.65 olan avro bugün 1.85-dir. 

 

Səfərə gedən turistlərin sayı azalıb

Bundan başqa səbəblərdən biri də dollara tələbatın azalmasıdır. Burada isə ölkədən çıxan turistlərin sayının azlığı mühüm önəm daşıyır. Təyyarə biletlərinin qiymətindəki nəzərəçarpacaq bahalaşma insanların xaricə səfərlərinin sayını kəskin azaldıb. Xaricə gedən isə ilk növbədə xərclik üçün vəsaiti dollarla götürür.

 

Beləliklə, ENA.az olaraq dollar hərracının son “0” vəziyyətinə aydınlıq gətirməyə çalışdıq. Bazarın bundan sonrakı tendensiyası da maraqlı olacaq.

 

ENA.az Maliyyə Qrupu

 

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department