Rəsmi

Bələdiyyələrlə bağlı parlamentə hesabat veriləcək

Yanvarın 25-də Milli Məclisin (MM) qarşıdan gələn 2019-cu il yaz sessiyası ilə bağlı parlamentin Regional məsələlər komitəsinin ilk iclası öz işinə başlayıb.

"BI"nin xəbərinə görə, iclasın gündəliyinə adıçəkilən komitənin 2018-ci il payız sessiyasında gördüyü işlərin hesabatı və qarşıdan gələn 2019-cu il yaz sessiyası ilə bağlı qanunvericilik işləri planı daxil edilib.

MM-in Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bildirib ki, son payız sessiyasında komitənin yeddi iclası keçirilib və bu iclaslarda 16 (14 qanun layihəsi) məsələ müzakirə edilib.

Qeyd edib ki, hesabat dövründə komitəyə 86 müraciət, ərizə və şikayət daxil olub və onların 52-si baxılması üçün aidiyyəti orqanlara göndərilib.

Komitə sədri bildirib ki, yaz sessiyasında müzakirələri gözlənilən qanun layihələri bələdiyyələrin statusu, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət, bələdiyyə torpaqlarının idarə edilməsi haqqında qanunlar, həmçinin, Torpaq Məcəlləsinə dəyişiklikləri nəzərdə tutan qanunvericilik aktlarıdır.

Bu sessiyada bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət funksiyasını həyata keçirən orqanın - Ədliyyə Nazirliyinin (ƏN) Bələdiyyələrlə İş Mərkəzinin növbəti illik hesabatının müzakirəsi nəzərdə tutulur. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)