Birja

Moody`s 2023-cü ildə neft bazarında yüksək volatillik gözləyir

Beynəlxalq reytinq agentliyi “Moody`s” bu il Brent markalı neftin orta qiymətinin 50-70 dollar/bareli aşacağını proqnozlaşdırır.

Moody`s-in icmalına görə, bu il neft qiymətlərinin trayektoriyası qeyri-müəyyən olaraq qalır və dünyanın ən böyük iqtisadiyyatlarında iqtisadi vəziyyətdən asılı olacaq. Bununla yanaşı, agentlik bazarda yüksək volatillik gözləyir.

Agentlik yazır ki, iyun ayından neft qiymətlərinin düşməsi ABŞ və Avropada artan tənəzzül riskləri fonunda tələb artımı ilə bağlı bazar gözləntilərinin zəifləməsini və anti-COVID məhdudiyyətləri səbəbindən Çindən tələbin qısamüddətli zəifləməsini əks etdirir.

Bundan əlavə, Moody`s dekabrda Rusiya neftinin qiymətlərinə tavanın tətbiqi və Rusiya Federasiyasının cavab tədbirləri təhlükəsi ilə bağlı neft qiymətlərində sıçrayış riskinin azaldığını qeyd edir.

Agentlik qeyd edir ki, Avropa, ABŞ və inkişaf etməkdə olan bazarlarda tələb artımı ilə bağlı qeyri-müəyyənlik qeyri-adi dərəcədə yüksək olaraq qalır. Çin, Avropa və ABŞ-ın iqtisadiyyatının bərpa olunmaması və ya vəziyyətin daha da pisləşməsi halında neftin qiyməti indiki 80 dollar/barel səviyyəsindən xeyli aşağı düşə bilər.

Öz növbəsində, ABŞ və Avropa iqtisadiyyatlarının dayanıqlılığı, Çində gözləniləndən daha güclü iqtisadi canlanma neft qiymətlərini dəstəkləyəcək.

Moody`s qeyd edir ki, kotirovkaların artmasına səbəb olan digər amil məhdud təklifdir.
 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)