Azərbaycanla BƏƏ-nin ən böyük şirkəti arasında sazişlər imzalanıb
SOCAR ilə “Masdar” şirkəti arasında bərpa olunan enerji mənbələrinin işlənməsinə dair Birgə İşlənmə Sazişləri imzalanıb.
ENA.az bu barədə SOCAR-a istinadən xəbər verir.
2023-cü il yanvarın 15-də prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri çərçivəsində Əbu-Dabi şəhərində (SOCAR) ilə BƏƏ-nin “Masdar” şirkəti arasında Azərbaycanda 2 QVt gücündə Dənizdə Külək və Hidrogen Layihələrinin işlənməsinə dair Birgə İşlənmə Sazişi, həmçinin 1 QVt gücündə Günəş Fotovoltaik və 1 QVt gücündə Quruda Külək Layihələrinin işlənməsinə dair Birgə İşlənmə Sazişi imzalanıb.
Azərbaycanda 2030-cu ilə qədər elektrik enerjisi istehsalı gücündə bərpa olunan enerji mənbələrinin payının 30%-ə çatdırılması hədəflənir.
Sözügədən Sazişlər Azərbaycan ilə BƏƏ arasında əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsinə, habelə Azərbaycanda istixana qazı emissiyalarının azaldılmasına, bərpa olunan enerji mənbələrinin və ölkənin davamlı iqtisadi inkişafına töhfə verəcək.
Bərpa olunan enerji sahəsində BƏƏ-nin ən böyük şirkəti olan “Masdar” hazırda Azərbaycanda 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyası layihəsini icra edir. Stansiyanın hər il yarım milyard kilovat-saat elektrik enerjisi istehsal etməyə və atmosferə atılan tullantıların ildə 200 000 tondan çox azaldılmasına imkan yaradacağı nəzərdə tutulur.