Sosial iqtisadiyyat

Azad edilmiş ərazilərdə kreditlərə zəmanət verilməsi proseduru açıqlanıb

İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilən kreditlərə dövlət zəmanətinin və kredit faizlərinin subsidiyasının verilməsi qaydası məlum olub.

Bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiq edilmiş “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi və kredit faizlərinin subsidiyalaşdırılması qaydası”nda əksini tapıb.

Qaydaya əsasən, zəmanət və faiz subsidiyası aşağıdakı qaydada verilir:

– sahibkarlıq subyekti zəmanətlə kredit almaq üçün müvəkkil kredit təşkilatını seçməklə, informasiya sistemi vasitəsilə Fonda müraciət edir;

– Fond tərəfindən informasiya sistemi vasitəsilə sahibkarlıq subyekti barəsində bu Qaydada nəzərdə tutulmuş halların (sahibkarlıq subyektinin nizamnamə kapitalında dövlətin iştirak payı 50 (əlli) faizdən çox olduqda; sahibkarlıq subyekti barəsində (habelə hüquqi şəxsin icra orqanının rəhbəri barəsində həmin hüquqi şəxsin fəaliyyəti ilə bağlı) vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma ilə bağlı cinayət təqibi və ya inzibati xəta üzrə icraat həyata keçirildikdə; sahibkarlıq subyekti Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi meyarlara əsasən riskli vergi ödəyicisi olduqda; sahibkarlıq subyektinin fəaliyyət növü təsərrüfat subyektinin (obyektinin) uçota alınmasını tələb etdiyi halda, belə təsərrüfat subyekti (obyekti) vergi orqanında uçota alınmadıqda; sahibkarlıq subyektinin kreditin alınması üçün müraciət etdiyi tarixə fəaliyyəti dayandırılmış olduqda və (və ya) sahibkarlıq subyekti ləğvetmə prosesində olduqda) mövcudluğu dərhal, sahibkarlıq subyektinin faktiki fəaliyyəti və göstəriciləri ilə onun vergi ödəyicisinin uçot məlumatları arasında uyğunsuzluqlar aşkar edildikdə isə 4 iş günü müddətində yoxlanılır. Bu Qaydada nəzərdə tutulmuş hallar müəyyən edildikdə, dərhal bu barədə sahibkarlıq subyektinə bildiriş göndərilir, müəyyən edilmədikdə isə müraciət baxılmaq üçün sahibkarlıq subyektinin seçdiyi müvəkkil kredit təşkilatına göndərilir;

– müvəkkil kredit təşkilatı yuxarıda nəzərdə tutulmuş qaydada göndərilmiş müraciət daxil olduğu gündən 10 (on) iş günü müddətində sahibkarlıq subyekti barəsində bu Qaydada nəzərdə tutulmuş halların mövcudluğunu yoxlayır, sifariş üzrə maliyyə-kredit təhlili aparır, müvafiq qərarını (imtina edildikdə səbəbləri göstərilməklə) informasiya sistemində yerləşdirir və müsbət qiymətləndirdiyi müraciətlərlə bağlı zəmanətin verilməsi və faiz subsidiyasının ayrılması üçün bu Qaydada nəzərdə tutulan sənədləri təqdim etməklə Fonda müraciət edir;

– Fond bu Qaydada nəzərdə tutulmuş qaydada göndərilmiş müraciət daxil olduğu gündən 10 (on) iş günü müddətində müvəkkil kredit təşkilatının zəmanət və subsidiya ilə bağlı müraciətinə dair göndərdiyi məlumatları təhlil edərək qərar qəbul edir, müvafiq qərarını (imtina edildikdə səbəbləri göstərilməklə) informasiya sistemində yerləşdirir və müsbət qiymətləndirdiyi müraciətlərlə bağlı müvəkkil kredit təşkilatına zəmanət məktubu göndərir.

Zəmanətin verilməsi və faiz subsidiyasının ayrılması üçün müvəkkil kredit təşkilatı, “İnzibati icraat haqqında” qanunun tələbləri nəzərə alınmaqla, aşağıdakı sənədləri Fonda təqdim etməlidir:

– kreditin ayrılmasına və həmin kreditə zəmanət verilməsi üçün Fonda müraciətə dair müvəkkil kredit təşkilatının qərarından çıxarış;

– layihənin xüsusiyyətindən, kreditin məbləğindən asılı olaraq sahibkarlıq subyekti və layihə barədə sənədlər və məlumatlar;

– sahibkarlıq subyektinin müvəkkil kredit təşkilatına aidiyyəti şəxs olmadığını təsdiqləyən və müvəkkil kredit təşkilatının səlahiyyətli nümayəndəsinin imzaladığı sənəd;

– sahibkarlıq subyektinin kredit hesabatı.

Bu Qaydada nəzərdə tutulan təsdiqedici sənədlərin və məlumatların siyahısını Fond müəyyən edir. Zəmanət məbləği, bu Qayda nəzərə alınmaqla, müvəkkil kredit təşkilatının müraciəti əsasında müəyyən edilir. Zəmanətin qüvvədə olduğu müddətdə zəmanətin kreditə nisbəti müvəkkil kredit təşkilatının müraciəti əsasında azaldıla bilər.

Zəmanətin verilməsi və faiz subsidiyasının ayrılması ilə bağlı məlumat müvəkkil kredit təşkilatı və sahibkarlıq subyekti arasında bağlanılan kredit müqaviləsində qeyd olunur. Zəmanət bu Qaydada nəzərdə tutulan birdəfəlik zəmanət haqqı Fondun hesabına ödənildiyi tarixdən qüvvəyə minir. Fondun zəmanət məktubu verildiyi tarixdən 30 (otuz) təqvim günü müddətində kredit müqaviləsi imzalanmadığı halda, zəmanət məktubu etibarsız sayılır. Müvəkkil kredit təşkilatı ilə sahibkarlıq subyekti arasında kredit müqaviləsi bağlanıldıqdan sonra müvafiq kredit müqaviləsinin bir nüsxəsi (ödəniş cədvəli də daxil olmaqla), girov (ipoteka) müqaviləsinin təsdiq olunmuş surəti və ya bir nüsxəsi (olduqda), birdəfəlik zəmanət haqqının ödənilməsini təsdiq edən sənəd müvəkkil kredit təşkilatı tərəfindən 5 (beş) iş günü müddətində Fonda təqdim edilir.

Fond müvəkkil kredit təşkilatı tərəfindən hər bir sahibkarlıq subyektinə ayrılan kredit vəsaiti, kredit vəsaitinin istifadə istiqamətləri, kreditin faiz dərəcəsi, müddəti (güzəşt müddəti ayrıca göstərilməklə), ayrılan kredit müqabilində götürdüyü girov (olduqda) barədə məlumatları hər növbəti ayın 10-dək Nazirliyə təqdim edir. Müraciətindən imtina edilmiş sahibkarlıq subyekti imtinaya əsas olmuş hallar aradan qaldırıldıqdan sonra yenidən bu hissədə nəzərdə tutulmuş qaydada müraciət edə bilər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)