Baş nazir Böyük Qayıdışla bağlı sərəncam İMZALADI
Böyük Qayıdışa dair I Dövlət Proqramındakı tədbirlərin icrasının monitorinqi aparılacaq.
ENA.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədovun “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamının icrasının təmin edilməsi barədə” sərəncamında öz əksini tapıb.
Sərəncama əsasən, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi proqramda nəzərdə tutulmuş tədbirlərin icrası üzrə işlərin gedişinə nəzarətin effektiv təmini məqsədilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair Dövlət Proqramının icrasına nəzarət və hesabatlılıq Portalı”nın (bundan sonra - Portal) formalaşdırılmasını 3 (üç) ay müddətində təmin etməlidir.
Portalda, həmçinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin təqdimatı əsasında Proqramda qeyd olunmuş tədbirlərlə bağlı icraçı orqanlar (qurumlar), iqtisadi rayonlar, şəhər və rayonlar, habelə obyektlər üzrə icra müddətlərini (illər üzrə bölgüsü), layihələrlə bağlı (texniki-iqtisadi, ekspertiza və s.) məlumatları və digər zəruri göstəriciləri təsnifatlandırmaqla, mövcud vəziyyət barədə informasiyaları, aidiyyəti foto və videomaterialları, habelə iri layihələrə münasibətdə birbaşa (onlayn) kamera müşahidəsini təmin edən sistemdə hesabatlılığa imkan verən müvafiq bölmələrin yaradılması təmin edilməlidir.
Bu Sərəncamın icrasına nəzarət Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbərinə və Sənaye və energetika şöbəsinə həvalə edilib.